BAKI, 21 avqust. TELEQRAF
Bizim gördüyümüz iş siyasi, iqtisadi, müdafiə və digər sahələrdəki münasibətləri əhatə edən Strateji Tərəfdaşlıq sənədi üzərində işləməkdir. Biz Azərbaycan hökuməti ilə birlikdə bu sənəd üzərində işləyirik və sənəd hazır olduqdan sonra imzalanacaq və qüvvəyə minəcək.
Teleqraf xəbər verir ki, bu barədə Böyük Britaniyanın Azərbaycandakı yeni səfiri Dankan Norman mətbuat konfransında deyib.
O qeyd edib ki, 2023-cü ildə Böyük Britaniyanın Azərbaycana ilk rezident müdafiə attaşesi təyin olunub:
“Müdafiə sahəsindəki münasibətlər, əlbəttə ki, həm də çox yenidir. Hər bir yeni münasibətdə olduğu kimi, kiçik addımlarla başlayıb onun böyüməsinə imkan verməlisiniz və biz də məhz bunu edirik. Lakin biz artıq Böyük Britaniyada təlim imkanları yaradırıq, ölkə daxilində hansı kömək və dəstəyi göstərə biləcəyimizə baxırıq və gələcəkdə avadanlıq, təchizat və bu kimi digər məsələlərdə necə kömək edə biləcəyimizi müzakirə edirik.
Bu yenidir, lakin məncə çox həyəcanvericidir. Düşünürəm ki, növbəti 3-4 il ərzində bu münasibətlər həqiqətən böyüyəcək. Mən buradakı fəaliyyət müddətimdə bunu münasibətlərimizin ən çox inkişaf edən sahələrindən biri kimi görürəm”.