BAKI, 21 avqust. TELEQRAF
Konqo hüquqi hazırlıq vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atıb.
Teleqraf xəbər verir ki, bunu Konqonun UNESCO üzrə Milli Komissiyasında Gənclər Proqramları üzrə köməkçisi Ester Kile Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə keçirilən "Belçika müstəmləkəçiliyinin ədalətsizlikləri və təzminat mübarizəsinin 101 ili" mövzusunda beynəlxalq konfransda deyib.
O bildirib ki, xüsusilə Belçikanın müstəmləkəçilik dövründə törətdiyi cinayətlərin və hüquq pozuntularının hüquqi baxımdan müəyyənləşdirilməsi, eləcə də müvafiq konvensiyaların qəbul edilməsi istiqamətində işlər görülüb.
"Biz keçmişi dəyişə bilmərik, amma gələcəkdə dəyişiklik üçün düzgün istiqaməti seçməliyik. Qarşıdakı günlər üçün təsirimizi və fəaliyyətimizi hazırlamalıyıq. Baş verə biləcək hər şeyə hazır olmalı və özümüzü daim düzəltməliyik”, - o vurğulayıb.
Onun sözlərinə görə, Belçikanın müstəmləkəçilik siyasətinin əsas nəticələrindən biri Konqonun iqtisadi və sosial böhranla üzləşməsi olub:
"Həmin dövrdən etibarən ölkədə xaricdən asılı və xaricə yönümlü iqtisadi sistem formalaşıb. Bu sistem bu günə qədər həmin dövrdə yaradılmış resursların istismarına əsaslanır. Cəmiyyətin qütbləşməsi, irqi ayrı-seçkilik və qərəzlər, həmçinin kolonial idarəçilərlə yerli əhali arasındakı münasibətlər də bu dövrün nəticələrindəndir. Çoxsaylı vətəndaşların hüquqlarının məhdudlaşdırılması bərabərlik prinsipinə hörmətin itirilməsinə səbəb olub. Bu vəziyyətin izlərini bu gün də aydın şəkildə görmək mümkündür”.