BAKI, 19 avqust. TELEQRAF
Bu gün Azərbaycanın xarici işlər nazirinin müavini Samir Şərifov Özbəkistanda səfərdə olub.
Bu barədə Teleqraf-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
Səfər çərçivəsində nazir müavini Özbəkistanın xarici işlər naziri Baxtiyor Saidov tərəfindən qəbul edilib.
Görüş zamanı, iki dövlət arasında strateji müttəfiqlikdən irəli gələn məsələlər müzakirə olunub. Azərbaycan və Özbəkistan arasında qardaşlıq və dostluq münasibətlərinə söykənən müttəfiqliyin inkişafında iki ölkənin liderlərinin intensiv təmaslarının əhəmiyyəti xüsusilə vurğulanıb.
Daha sonra, Azərbaycan və Özbəkistan Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib.
Siyasi məsləhətləşmələrə Azərbaycan tərəfindən nazir müavini Samir Şərifov, Özbəkistan tərəfindən isə xarici işlər nazirinin müavini Bobur Usmanov rəhbərlik edib.
Məsləhətləşmələr zamanı ikitərəfli siyasi dialoqun müsbət dinamikası vurğulanıb, həmçinin, Hökumətlərarası Komissiyanın və siyasi məsləhətləşmələr mexanizminin vacib rolu qeyd edilib.
Eyni zamanda, əldə olunmuş razılaşmaların icra vəziyyəti, habelə ticarət - iqtisadi, energetika, nəqliyyat və logistika, humanitar və digər qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə edilib.
Bununla yanaşı, regional və beynəlxalq təşkilatlar, o cümlədən Birləşmiş Millətlər Təşkilatı, Türk Dövlətləri Təşkilatı, Qoşulmama Hərəkatı və digər çoxtərəfli platformalar çərçivəsində sıx qarşılıqlı fəaliyyət məsələləri nəzərdən keçirilib.
Məsləhətləşmələr çərçivəsində həmçinin qarşılıqlı maraq kəsb edən digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.