BAKI, 24 iyun. TELEQRAF

Azərbaycan Cənubi Qafqazın ən güclü dövləti olmaqla yanaşı, regiondan kənarda da təsir imkanlarını genişləndirərək beynəlxalq münasibətlər sistemində orta güc kimi mövqeyini gücləndirib.

Teleqraf xəbər verir ki, bu barədə Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin direktoru Eldar Namazov “Azərbaycan orta güc kimi: xarici siyasət, regional təsir və qlobal iştirak” mövzusunda keçirilən konfransda bildirib.

O vurğulayıb ki, beynəlxalq münasibətlərdə yalnız böyük dövlətlər deyil, regional və qlobal proseslərə ciddi təsir göstərə bilən ölkələr də mühüm rol oynayır:

“Orta güc statusunun müəyyənləşdirilməsi zamanı ölkənin ərazisi, əhalisi, iqtisadi imkanları, hərbi potensialı, diplomatik fəallığı və beynəlxalq təsir imkanları əsas meyarlar hesab olunur. Böyük əraziyə və ya əhaliyə malik olmaq hər zaman yüksək təsir gücü demək deyil”.

Mərkəz direktoru qeyd edib ki, Azərbaycan bu meyarların hər biri üzrə orta güc statusuna uyğun gəlir:

“Azərbaycan həm iqtisadi və hərbi potensialına, həm də beynəlxalq təşəbbüslərdə fəal iştirakına görə fərqlənir. Azərbaycan Cənubi Qafqazın ən böyük iqtisadiyyatına və ən güclü hərbi imkanlarına malik dövlətdir. Eyni zamanda, Orta Dəhliz, Şimal–Cənub nəqliyyat marşrutu və enerji layihələri vasitəsilə regionun strateji əhəmiyyəti daha da artıb. Bu da ölkəmizin beynəlxalq nüfuzunu gücləndirir”.

E.Namazov əlavə edib ki, Azərbaycanın təsir imkanları artıq Cənubi Qafqazla məhdudlaşmır:

“Ölkə Mərkəzi Asiya, Yaxın Şərq və Avropa ilə əlaqələrin inkişafında mühüm rol oynayır, beynəlxalq təşkilatlar çərçivəsində fəal iştirak edir”.