BAKI, 8 iyun. TELEQRAF

"Azərbaycanla Ermənistan arasında normallaşma prosesi çərçivəsində qeydə alınan müsbət tendensiyalar və etimad quruculuğu tədbirləri barədə türkiyəli və gürcüstanlı həmkarlarıma məlumat verdim".

Teleqraf xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyə-Azərbaycan-Gürcüstan xarici işlər nazirlərinin 10-cu üçtərəfli görüşünün yekunlarına dair keçirilən mətbuat konfransında deyib.

Nazir Bakı ile İrəvan arasındakı prosesi müsbət mənada müşahidə və şərh etdiklərini bildirib.

C.Bayramov yekun sülhün əldə olunması üçün hələ də həlli vacib olan məqamların qaldığını vurğulayıb:

"Prosesin tam dayanıqlı və davamlı sülhə çevrilməsi, normal dövlətlərarası münasibətlərin qurulması və yekun sazişin imzalanması üçün müəyyən məsələlərin tam yerinə yetirilməsi böyük önəm kəsb edir".