BAKI, 15 may. TELEQRAF
Hazırkı mürəkkəb geosiyasi şəraitdə Orta Dəhlizin önəmi əhəmiyyətli dərəcədə artıb.
Teleqraf xəbər verir ki, bu barədə Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyev "Qazinform"a müsahibəsində bildirib.
Onun sözlərinə görə, TDT-yə üzv ölkələr Orta Dəhlizin daha da inkişaf etdirilməsi və nəqliyyat-loqistika sahəsində əməkdaşlığın gücləndirilməsi istiqamətində hərtərəfli tədbirlər həyata keçirirlər:
"Bu gün Orta Dəhliz təkcə Şərqlə Qərb arasında alternativ marşrut deyil, həm də nəqliyyat əlaqələrinin dayanıqlılığını, iqtisadi asılılığı və regional təhlükəsizliyi təmin edən strateji körpü rolunu oynayır. Son illərdə TDT üzvü olan dövlətlər nəqliyyat infrastrukturunun modernləşdirilməsinə, Xəzər dənizi limanlarının ötürücülük qabiliyyətinin genişləndirilməsinə, dəmir yolu marşrutlarının və multimodal daşımaların inkişafına aktiv şəkildə investisiya yatırırlar. Xüsusilə, Bakı-Tbilisi-Qars dəmir yolu artıq öz səmərəliliyini nümayiş etdirərək tranzit daşımalarının artmasına və yüklərin çatdırılma müddətinin əhəmiyyətli dərəcədə azalmasına töhfə verib".
Baş katib Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu layihəsinin icrasının xüsusi əhəmiyyət kəsb etdiyini qeyd edib:
"Bununla yanaşı, Zəngəzur dəhlizinin inkişafı, eləcə də Qars-İğdır-Aralık-Dilucu dəmir yolu xəttinin tikintisi strateji əhəmiyyət daşıyır. Bu layihələr əlavə tranzit imkanları yaradacaq və Orta Dəhlizin qlobal nəqliyyat arxitekturasındakı mövqeyini daha da gücləndirəcək".