BAKI, 1 may. TELEQRAF

Avropa İttifaqı Parlamentinin (AP) “Ermənistanda demokratik dayanıqlığın dəstəklənməsi ilə bağlı” qəbul etdiyi qətnamədə Ermənistanda demokratik proseslər alqışlanır, Moskvanın Ermənistana təzyiqi pislənir, həmçinin Azərbaycanla Ermənistan arasındakı sülh prosesinin dəstəkləndiyi vurğulanır. Amma qətnamənin 14-cü bəndində Azərbaycanın da Rusiya kimi Ermənistana qarşı “hibrid təhlükə” mənbəyi kimi göstərilməsi əslində Avropada bəzi siyasətbazların Azərbaycanın Cənubi Qafqazda yaratdığı sabitliyin möhkəmlənməsindən və sülh prosesinin inkişafından qıcıqlandığını göstərir.

Teleqraf xəbər verir ki, bu sözləri politoloq Sahil İsgəndərov deyib.

Onun sözlərinə görə, Paşinyan hökumətinin Qərbə inteqrasiya siyasəti fonunda Ermənistanı öz geosiyasi təsir orbitindən buraxmaq istəməyən Moskva həqiqətən də İrəvana qarşı ciddi “hibrid təzyiq” siyasətinə rəvac verib:

"Ermənistanın eyni vaxtda həm Avropa İttifaqında (Aİ), həm də Avrasiya İqtisadi İttifaqında (Aİİ) üzv olmasının qeyri-mümkünlüyünü mütəmadi şəkildə rəsmi İrəvanın diqqətinə çatdıran Kreml, iyun ayında keçiriləcək parlament seçkilərində erməni əsilli rusiyalı oliqarx Samvel Karapetyanı, Moskvanın keçmiş əlaltısı, sabiq prezident Robert Köçəryanı və digər yerli oliqarx, “Çiçəklənən Ermənistan” Partiyasının sədri Qaqik Tsarukyanı dəstəkləməklə Ermənistanda revanşistlərin hakimiyyətə gətirilməsinə çalışır. Bu isə, öz növbəsində, Azərbaycanla Ermənistan arasında etimad atmosferinin möhkəmləndirilməsinə və sülh sazişinin imzalanmasına ciddi təhdid yaradır.

Kremlin dəstəklədiyi qüvvələrin Ermənistanda hakimiyyətə gəlməsi ABŞ-nin birbaşa iştirakı ilə reallaşdırılması nəzərdə tutulan TRİPP (Zəngəzur dəhlizi) layihəsinin inşasını da təhlükə altına alır ki, bu da Rusiyanın Cənubi Qafqazdakı geosiyasi maraqlarının ən vacib tərkib hissələrindən biridir.
Lakin bunun tam əksinə olaraq, ötən il avqustun 8-də Vaşinqtonda imzalanmış Əliyev-Tramp-Paşinyan üçtərəfli bəyannaməsinə və Azərbaycan-Ermənistan sülh sazişinin paraflanmış müddəalarına sadiq qalan rəsmi Bakı TRİPP layihəsinin tezliklə reallaşdırılması üçün bütün səylərini əsirgəmir. Bununla yanaşı, Azərbaycan birtərəfli qaydada nəinki Ermənistan üçün zəruri olan malların öz ərazisindən daşınmasına yaşıl işıq yandırır, hətta bir neçə dəfə yerli neft məhsullarını da ora tədarük edib.

Azərbaycan və Ermənistan dövlətlərinin dəstəyi ilə iki ölkənin qeyri-hökumət təşkilatları arasında cəmiyyətləri sülhə hazırlamaq və dialoq yaratmaq məqsədilə yaradılan “Sülh körpüsü” təşəbbüsü çərçivəsində bu il aprelin 11-də Qəbələ şəhərində Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin iştirakı ilə növbəti görüşün keçirilməsi rəsmi Bakının bu prosesdə son dərəcə maraqlı olduğunun bariz nümunəsidir.

Bu baxımdan, Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin rəhbərliyi ilə nümayəndə heyətinin Ermənistana səfəri yalnız ikitərəfli münasibətlərin tənzimlənməsi deyil, həm də Cənubi Qafqazda təhlükəsizliyin möhkəmləndirilməsi və hərtərəfli əməkdaşlığın inkişafı proseslərinin yeni keyfiyyət müstəvisinə keçidini şərtləndirən mühüm diplomatik addımlardan biridir. Ən əsası isə odur ki, Azərbaycanla münasibətlərin tənzimlənməsinin Ermənistan üçün həyati vacibliyini yaxşı anlayan Paşinyan hökuməti ölkəmizə qarşı ərazi iddialarından əl çəkməklə yanaşı, Qarabağdakı keçmiş separatçı rejimin qalıqlarını dəstəkləməkdən də imtina edir".

Politoloq bildirib ki, Avropa İttifaqının (Aİ) bəzi qurumları qərəzli şəkildə dəfələrlə Dağlıq Qarabağ ermənilərinin hüquqlarının vəkili” rolunda çıxış etməyə çalışıblar:

"Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı Şanlı Zəfərdən, həmçinin 2025-ci il avqustun 8-də imzalanan Azərbaycan-ABŞ-Ermənistan üçtərəfli sazişindən sonra Cənubi Qafqazda öz geosiyasi iştirakının zəifləməsi ilə barışmaq istəməyən Avropa İttifaqının (Aİ) bəzi qurumları qərəzli şəkildə dəfələrlə “Dağlıq Qarabağ ermənilərinin hüquqlarının vəkili” rolunda çıxış etməyə cəhd göstərirlər.

AP-nin sözügedən qətnaməsi də bu baxımdan istisna təşkil etməyib. Belə ki, sənəddə Azərbaycanın Qarabağ bölgəsindən könüllü şəkildə köçmüş ermənilərin əmlakının və mədəni irsinin qorunmasının və müvafiq beynəlxalq zəmanətlər altında təhlükəsiz, maneəsiz və ləyaqətli qayıtmaq hüquqlarının dəstəkləndiyi bildirilir. Guya Qarabağ bölgəsində Ermənistanın mədəni və dini irsinin məhvində məsul şəxslərin məsuliyyətə cəlb olunması və beynəlxalq qiymətləndirmə missiyasının yaradılması tələb edilir.

Bundan başqa, törətdikləri cinayət əməllərinə görə məsuliyyətə cəlb olunmuş erməni separatçıları “hərbi əsirlər” adlandıran AP həmin şəxslərin girov kimi Azərbaycanda saxlanılmasını pisləyərək onların dərhal və qeyd-şərtsiz azad olunmasını tələb edir. Maraqlıdır ki, bu cür absurd tələblər əsasında AP tərəfləri etimadın artırılması tədbirlərini davam etdirməyə, beynəlxalq humanitar və insan hüquqları qanunlarına tam hörmətlə yanaşmağa çağırır.

Hazırkı Ermənistan hökumətinin məhz Azərbaycana qarşı ərazi iddialarının və separatçı rejimin cinayətkar ünsürlərinin dəstəklənməsinin iki qonşu ölkəni uzunmüddətli müharibəyə sürüklədiyini və postmünaqişə dövründə münasibətlərin tənzimlənməsini əngəllədiyini dəfələrlə bəyan etməsinə rəğmən, AP-nin qərəzli qətnaməsi əslində “Ermənistanda demokratik dayanıqlığın dəstəklənməsi” əvəzinə bölgədə yeni müharibənin alovlanmasına çalışan erməniçilik ideoloqlarının dəyirmanına su tökür. Bu mənada, Ermənistandakı revanşistlərin hakimiyyətə gəlməsinə çalışan Moskva ilə AP-nin maraqları çox qəribə şəkildə üst-üstə düşür ki, bu da erməni cəmiyyətinə “ayı xidməti” göstərməyə bərabərdir. Bu isə o deməkdir ki, AP-nin qətnaməsi heç də Ermənistanda demokratik dayanıqlığı dəstəkləmir, əksinə, erməni cəmiyyətini yenidən xarici güc mərkəzlərinin əlində növbəti dəfə alətə çevirmək məqsədi daşıyır".

"AP-nin qərəzli qətnaməsinin heç bir qanuni qüvvəsi olmadığına və yalnız tövsiyə xarakteri daşımasına baxmayaraq, bu sənədin Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin Ermənistana səfəri və bu ölkədə keçiriləcək parlament seçkiləri öncəsi qəbul edilməsi heç də təsadüfi deyil. Bundan cəmi bir həftə əvvəl Belçika və Hollandiya parlamentlərinin də oxşar qətnamələr qəbul etməsini isə bu addımın müqəddiməsi kimi qiymətləndirmək olar.

Qətnamənin irəli sürülməsində və qəbulunda AP-nin üçüncü ən böyük siyasi qrupu olan “Avropa Mühafizəkarları və İslahatçıları (ECR)” fraksiyasının, habelə Beynəlxalq Cinayət Məhkəməsinin korrupsiya ittihamı əsasında istefa vermiş sabiq prokuroru Luis Moreno Okamponun və Avropa diplomatiyasının artıq təqaüdə çıxmış rəhbəri Cozef Borrelin yer alması bir çox pərdəarxası məqamlardan xəbər verir.
Maraqlıdır ki, AP-nin qətnaməsi Brüsselin Azərbaycanla dialoqdakı ritorikası ilə dissonans təşkil edir. Belə ki, Avropa Komissiyasının bəyanatlarında Azərbaycanla enerji və nəqliyyat sahəsində strateji əməkdaşlığı genişləndirmək niyyətləri vurğulanır, digər tərəfdən isə AP rəsmi Bakıya siyasi təzyiq məqsədi güdən qətnamələr qəbul edir.

Əslində, uzun illərdir ki, Azərbaycanda keçiriləcək mötəbər beynəlxalq miqyaslı tədbirlər ərəfəsində bəzi Avropa qurumlarının rəsmi Bakıya qarşı təzyiq cəhdləri artıq xoşagəlməz bir mərəzə çevrilib. Lakin AP-nin bu dəfəki qərəzli addımı yalnız Azərbaycanı yox, həm də Ermənistanı və Azərbaycanın Cənubi Qafqazda yaratdığı kövrək təhlükəsizliyi hədəfə alıb", - deyə S. İsgəndərov qeyd edib.

Sahil İsgəndərov, politoloq