BAKI, 1 may. TELEQRAF

"Avropa Parlamenti qəbul etdiyi son qətnamə ilə Azərbaycana qarşı qərəzli və düşmənçilik mövqeyini davam etdirdiyini göstərir. 44 günlük Vətən müharibəsindən sonra bu təşkilat tərəfindən ölkəmizə qarşı qəbul edən qətnamələrin, belə demək mümkünsə, sayı-hesabı yoxdur. Avropa Parlamenti dövlətimizin öz ərazilərini işğaldan azad etməsini, Qarabağ üzərində öz suverenliyini təmin etməsini, erməni separatizminin kökünü kəsməsini həzm edə bilmir".

Teleqraf xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Samir Vəliyev deyib.

Deputat bildirib ki, Avropa Parlamenti hər zaman Ermənistanın “vəkili” rolunda çıxış edir. Təşkilatın “Ermənistanda demokratik dayanıqlığın dəstəklənməsi” adlı qətnaməsi də bu ölkəyə dəstəyin göstəricisidir. Sözügedən qətnamə parlament seçkisi ərəfəsində Paşinyan hakimiyyətinin müdafiəsinə xidmət edir. Lakin sənəddə bir sıra bəndlər birbaşa Azərbaycana qarşı əsassız ittiham və tələbləri ehtiva edir.

Bu gün Avropa dəyərlərinin aşınmaya məruz qalması təəssüf doğurur. Avropa təsisatları yarandıqları zaman xüsusilə beynəlxalq hüquq, insan haqları və demokratiya kimi prinsipləri əsas götürüblər. Lakin həmin təşkilatların fəaliyyətində bu prinsiplərə riayət olunmur. Bu təşkilatlar hazırda beynəlxalq güclərin və lobbilərin diqtəsi ilə işləyir. Yəni, fundamental dəyərlər onlar üçün arxa plana keçirilib. Avropa Parlamentinin qəbul etdiyi qətnamələr də bunun sübutudur. Avropa Parlamenti kimi islamafob və türkəfob dairələrin əlində alət olan qurumların qəbul etdiyi sənədlərin heç bir hüquqi qüvvəsi yoxdur.
Onun sözlərinə görə, bu təşkilat hər zaman insan hüquqları və demokratiya pərdəsi altında Azərbaycanı hədəfə alıb. Nəzərə alaq ki, Ermənistanın 30 illik işğalı dövründə Avropa Parlamenti bu ölkənin işğalçı siyasətini pisləyən, 1 milyona qədər azərbaycanlı qaçqın-köçkünün hüquqlarını müdafiə edən sənədlər qəbul etməyib. Amma indi bu qurum Ermənistanla əməkdaşlığa “böyük önəm” verir. Hesab edirəm ki, belə “sənədlər” qəbul etməklə Avropa Parlamenti öz imicinə zərbə vurur. Məlumdur ki, bu gün Avropa İttifaqı, Avropa Komissiyası Azərbaycanla əməkdaşlığa böyük önəm verir. Belə olan halda, Avropa Parlamentinin tutduğu mövqe tamamilə yanlışdır.

Millət vəkilinin fikrincə, təşkilatın rəhbərliyi anlamalıdır ki, hansısa “sənədlər” qəbul etməklə Azərbaycanın beynəlxalq nüfuzuna zərər yetirə bilməyəcək. Təcrübə göstərir ki, münasibətlərin pozulmasında uduzan tərəf Azərbaycan deyil. Nümunə olaraq deyə bilərik ki, AŞPA-nin qərəzli mövqeyindən sonra Azərbaycan bu təşkilatla əməkdaşlığı dayandırıb. Belə olan halda, AŞPA nə qazandı? Əlbəttə ki, heç nə. Eyni prosesi Avropa Parlamentinə də şamil etmək olar.

"Düşünürəm ki, Azərbaycan parlamenti tərəfindən həm Avropa Parlamenti, həm də Avronest Parlament Assambleyası ilə əməkdaşlıq tamamilə dayandırılmalıdır. Çünki ölkəmizə qarşı dəyişməyən qərəzli mövqe bu təşkilatlarla əməkdaşlığı mümkünsüz edir", - deyə Samir Vəliyev vurğulayıb.