BAKI, 9 dekabr. TELEQRAF

Azərbaycan və Ermənistan arasında sülh geridönməz xarakter daşıyır və Cənubi Qafqazda tarixi transformasiya başlayıb.

Teleqraf xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevlə birlikdə “Euronews” kanalına verdiyi müsahibədə bildirib.

A.Qriqoryan deyib ki, tərəflər uzun müddətdir etimadın qurulması üzərində çalışırlar:

“Bütün münaqişələrdə tərəflər bir-birinə inanmır. Biz bunun üzərində işləyirik. Məşhur mahnıda deyildiyi kimi, bu divara hər dəfə yeni bir kərpic əlavə edirik. Biz də elə həmin etimad divarını qururuq”.

Ermənistan rəsmisi bildirib ki, hər iki ölkə rəhbərliyi regionda sabitliyin əldə olunması üçün uzun müddətdir müzakirələr aparıb:

“Rəhbərliklər düşünürdü ki, regiona necə sülh və sabitlik gətirmək olar. Daha sonra bu sülhü necə institusional formaya salmaq barədə müzakirələr başladı”.

Armen Qriqoryan hazırkı mərhələni böyük uğur kimi səciyyələndirib:

“Uğur böyükdür və biz bunu qeyd edirik”.

O həmçinin iki ölkənin iqtisadi layihələr üzərində birgə işləməsinin sülhü daha da möhkəmləndirəcəyini deyib:

“Regional iqtisadi layihələrin həyata keçirilməsi qarşılıqlı asılılığı artıracaq, həm sülhü gücləndirəcək, həm də hər iki cəmiyyət üçün iqtisadi fayda gətirəcək”.

A. Qriqoryan ABŞ vasitəçiliyi ilə əldə edilmiş “Tramp maşrutu” layihəsinin yaxın vaxtlarda texniki icraya keçəcəyini açıqlayıb:

“Ümid edirik ki, çox tezliklə proses başlayacaq. Region açılacaq və bu, bölgəmiz üçün çox böyük tarixi layihə olacaq”.

Müsahibənin sonunda o, iki ölkə arasında müharibənin qəti şəkildə bitdiyini vurğulayıb:

“Müharibə bitdi. Sülh gələcək nəsillər üçün əbədi olmalıdır”.