BAKI, 9 dekabr. TELEQRAF
ABŞ Prezidenti Donald Trampın "uzaqgörən liderliyi" sayəsində Vaşinqton, Ermənistan və Azərbaycan arasında ikitərəfli münasibətlər və regional sabitlik istiqamətində son bir ildə əhəmiyyətli irəliləyiş əldə olunub.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin Ermənistandakı səfiri Kristina Kuinn bildirib.
Səfirin sözlərinə görə, avqustun 8-də keçirilən sammit zamanı Donald Tramp Ermənistan Baş naziri Nikol Paşinyanı və Azərbaycan Prezidenti İlham Əliyevi qəbul edib və bu görüş tərəflər arasında münasibətlərdə dönüş nöqtəsi olub:
"Cəsarətli və yaradıcı diplomatiya sayəsində illərlə həllini tapmayan məsələlərin aradan qaldırılması istiqamətində tərəflər arasında ciddi nəticələr əldə olunub. Avqustun 8-də Ermənistan və Azərbaycan sülh sazişinin əvvəlcədən razılaşdırılmış mətnini paraflayıb. ABŞ bu sənədin imzalanmasını və ratifikasiyasını tam dəstəkləyir və prosesə dəstəyini davam etdirəcək".
K. Kuinn əlavə edib ki, sammit çərçivəsində "Beynəlxalq Sülh və Rifah üçün Tramp Yolu" adlı təşəbbüs formalaşdırılıb:
"Layihə Ermənistanın qlobal bazarlara çıxışını genişləndirəcək, yeni ticarət marşrutları yaradacaq və ölkəyə yeni tərəfdaşlarla əməkdaşlıq imkanları təqdim edəcək".