BAKI, 9 avqust. TELEQRAF
"Bizim bütün şərtlərimiz məntiqli, əsaslı və qanunauyğundur. Müxtəlif mərhələlərdə Ermənistan cəmiyyətində və hakim dairələrində fərziyyə irəli sürülürdü ki, sanki Azərbaycan Ermənistanın daxili işlərinə qarışmaq istəyir".
Teleqraf xəbər verir ki, bunu Prezident İlham Əliyev Vaşinqtonda Azərbaycan mediasına müsahibəsində bildirib.
Dövlət başçısı deyib ki, danışıqlar zamanı dəfələrlə belə məsələ qaldırılmışdı:
"Bizim isə mövqeyimiz ondan ibarət idi ki, bu, belə qəbul edilməməlidir. Bu, birbaşa bizə aid olan məsələdir. Bizim ərazi bütövlüyümüzə qarşı olan iddiadır. Bu, düzəliş edilmədən sülh sazişi imzalana bilməz. Mövqeyimizdə ardıcıl, məntiqli, əsaslı idik. Bundan geri addım atmamışıq. Heç vaxt qeyri-real və qəbul edilə bilməyəcək şərtlər də qoymurduq.
Amma nədənsə, Minsk qrupunun ləğvi ilə bağlı əsaslı təklifimiz mənfi reaksiya ilə üzləşirdi. Halbuki dəfələrlə biz izah etməyə çalışırdıq ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır, özləri deyirsə, "Qarabağ Azərbaycandır", Minsk qrupunun de-yure qalması məntiqsizdir. Onsuz da o, öz funksional mahiyyətini itirmişdi. Biz heç vaxt imkan vermərik ki, bu, hər hansı formada canlansın və ya hansısa başqa formaya minsin. Bu gün sülh sazişinin paraflanması və Minsk qrupunun ləğvi ilə bağlı birgə müraciətimiz, hesab edirəm ki, birinci maneəni aradan qaldırıb".