
BAKI, 18 fevral. TELEQRAF
2024-cü ildə Rusiya ilə Xəzəryanı ölkələr arasında turist axını 7% artıb
Teleqraf xəbər verir ki, 2024-cü ildə Rusiya ilə Azərbaycan, İran, Qazaxıstan və Türkmənistanın daxil olduğu Xəzəryanı ölkələr arasında turist axını 7% artaraq 6 milyon nəfər təşkil edib. Bu barədə Rusiya Baş nazirinin müavini Aleksey Overçuk üçüncü Xəzər İqtisadi Forumunda məlumat verib.
Overçuk qeyd edib ki, Rusiya ilə Xəzəryanı ölkələr arasında turizm sahəsində əhəmiyyətli inkişaf müşahidə olunub. 2023-cü il ilə müqayisədə, Xəzəryanı dövlətlərin vətəndaşlarının Rusiyaya səfəri 9,5% artaraq 2 milyon 100 min nəfəri keçib.
Həmçinin baş nazir müavini əlavə edib ki, Rusiya bu sahəni, xüsusilə ekoturizm və kruiz turları kimi istiqamətləri inkişaf etdirməyin tərəfdarıdır. O, Rusiya və Xəzəryanı dövlətlər arasında turizm sektorunun daha da gücləndirilməsi üçün konstruktiv iş birliyinə hazır olduqlarını vurğulayıb.