Rabitə və Yüksək Texnologiyalar Nazirliyi mobil telefonların IMEI kodlarının qeydiyyat müddətini 30 gündən 60 günədək uzadıb.
Teleqraf.com xəbər verir ki, bu barədə rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini İltimas Məmmədov məlumat verib.
Bildirilib ki, belə bir qərarın qəbul edilməsində məqsəd “Bakı-2015” birinci Avropa Oyunları ilə əlaqədar mobil telefondan istifadə zamanı istifadəçiləri problemsiz rabitə ilə təmin etməkdir.
"Mobil cihazların qeydiyyatdan keçirilməsi" elektron xidməti hazırda "Elektron hökumət" portalı üzərindən fəaliyyətdə olan aktual xidmətlərdəndir. Vətəndaşların xarici ölkələrdən aldıqları mobil cihazların bu xidmət vasitəsilə asanlıqla qeydiyyatdan keçirilməsi mümkündür. Cari ilin keçən dövrü ərzində portal üzərindən təqdim olunan "Mobil cihazların qeydiyyatdan keçirilməsi" elektron xidmətindən 222 min 998 dəfə istifadə olunub.
"Elektron hökumət" portalı üzərindən vətəndaşlara təqdim edilən "Mobil cihazların IMEI kodunun yoxlanılması" xidməti xüsusi əhəmiyyətə malikdir və vətəndaşlar tərəfindən daha çox istifadə olunur. Xidmətdən mobil cihazların standartlara uyğun olub-olmadığı və eləcə də, qeydiyyatı barədə informasiya əldə etmək olar.