BAKI, 5 oktyabr. TELEQRAF
İşğal dövründə Azərbaycan suveren ərazilərində ekologiyaya və bioloji müxtəlifliyə xeyli zərər dəyib.
Teleqraf xəbər verir ki, bunu “Bioloji Müxtəliflik Mərkəzi” İctimai Birliyinin sədri Təvəkkül İsgəndərov "Environmental Protection First" QHT Koalisiyasının “Ermənistan ərazisində həyata keçirilən dağ- mədən sənayesi fəaliyyətlərinin ətraf mühitə təsiri” mövzusunda brifinqində deyib.
O bildirib ki, işğal dövründə təxminən 8 900 hektar meşə sahəsi itirilib.
"Ayrıca 50 min hektardan çox meşə ərazisinin məhv edilib. Nadir Şərq çinarları, o cümlədən Bəsitçay Dövlət Təbiət Qoruğunun ərazisindəki ağaclar məhv edilib, qorunan təbiət ərazilərinə ziyan dəyib. Həmçinin 1995–2015-ci illərdə təxminən 54 544 hektar kənd təsərrüfatı torpağı məhsuldar istifadədən çıxıb. İşğal dövründə suvarma infrastrukturu da dağıdılıb. Həmçinin Sərsəng su anbarının lazımi səviyyədə idarə olunmaması və suyun istifadə rejiminin dəyişdirilməsi ətraf rayonların əhalisi və kənd təsərrüfatı üçün suya çıxış imkanlarını məhdudlaşdırılıb”, - o vurğulayıb.