“I ixtisas qrupu üzrə müsabiqədə bəzi texniki və mühəndislik ixtisaslarına aşağı bal toplayan abituriyentlər qəbul olur ki, sonradan təhsil müddətində tədris prosesinin ağır olması (fənlərin sayının çox olması və çətin olması, çoxsaylı laboratoriya, layihə işləri) onların dərslərə motivasiyasının azalmasına, həm akademik, həm də davamiyyət göstəricilərinin aşağı olmasına səbəb olur və nəticədə, tələbə adını qazanan bu abituriyentlər sonradan təhsillərini yarımçıq buraxmalı və ya ixtisaslarını dəyişməli olurlar”.
Teleqraf xəbər verir ki, bu barədə məlumat Dövlət İmtahan Mərkəzinin "Abituriyent" jurnalının 12-ci nömrəsində dərc etdiyi 2025/2026-cı tədris ili üçün tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanları nəticələrinə dair elmi-statistik materiallarında yer alıb.
Məlumatda qeyd olunub ki, bəzi mühəndislik və texniki ixtisaslar üzrə məzunların əmək bazarına inteqrasiyada çətinliklərlə üzləşməsi də bu ixtisaslara qəbul olanların sonradan təhsillərini davam etməmələrinə təsir göstərən amillərdəndir:
“Ümumiyyətlə, abituriyentlər əvvəlki illərin tələbə qəbulu müsabiqəsində ali təhsil müəssisələrinin ixtisasları üzrə formalaşmış keçid ballarına əsaslanaraq imtahanda topladıqları ballara uyğun ixtisas seçimi edirlər.
Bəzən topladıqları bal onların öz istədikləri, arzuladıqları ixtisasa uyğun olmur (topladıqları bal daha az olur) və nəticədə, müsabiqə zamanı istəmədikləri ixtisasa qəbul olurlar və ya öz istəkləri ilə yox, valideynlərinin arzu və istəkləri ilə ixtisas seçimi edib qəbul olurlar.
Bütün bu sadaladığımız amillər, əlbəttə, qəbul olan tələbələrin təhsil müddətində həmin ixtisaslara maraqlarının azalmasına, motivasiyanın düşməsinə akademik
göstəricilərin aşağı olmasına, ixtisaslarını dəyişmək istəklərinin yaranmasına səbəb ola bilər”.