BAKI, 19 iyun. TELEQRAF
Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzi tərəfindən “Meşə yanğınlarının qarşısının alınması zamanı görüləcək tədbirlər” mövzusunda Şirvan Milli Parkının Salyan rayonunun ərazisinə düşən hissəsində və Sabirabad rayonunun Məmişlər kəndində nəzəri-praktiki məşğələlər keçirilib.
Nazirlikdən Teleqraf-a verilən xəbərə görə, tədbirlərdə Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin aidiyyəti yerli qurumlarının məsul əməkdaşları, yerli icra və özünüidarə orqanlarının nümayəndələri, kənd sakinləri iştirak ediblər.
Tədbirlərdə çıxış edənlər mövzunun aktuallığını qeyd edərək, meşələrdə yanğınların baş verməməsi üçün qabaqlayıcı tədbirlərin görülməsinin, bu tipli fövqəladə hallarla mübarizə istiqamətində maarifləndirmə işlərinin genişləndirilməsinin əhəmiyyətini vurğulayıblar. Həmçinin, meşələrdə və yaşıllıq ərazilərdə kənd təsərrüfatı ilə məşğul olan vətəndaşların, o cümlədən sahibkarların və yaxınlıqda yaşayan kənd sakinlərinin odla ehtiyatlı davranmaları və yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etmələrinin zəruriliyi diqqətə çatdırılıb.
Məşğələlərdən sonra Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin yerli qurumlarının qüvvə və texnikası cəlb olunmaqla şərti meşə yanğının qarşısının alınması əyani şəkildə nümayiş etdirilib.