BAKI, 19 iyun. TELEQRAF

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Zaqatala rayonunda vətəndaşlarla görüşüb.

Teleqraf ADSEA-ya istinadən xəbər verir ki, Z.Mikayılov Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin inzibati binasında Zaqatala, Balakən və digər rayonlardan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.

ADSEA sədri hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Müraciətlər əsasən suvarma suyuna olan tələbatın ödənilməsi, kanalların beton üzlüyə alınması, sel və daşqınlara qarşı mübarizə tədbirləri, içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması, subartezian quyularının təmiri, bərpası, işə qəbul və digər məsələlərlə bağlı olub.

Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb.