BAKI, 10 iyun. TELEQRAF
Azərbaycan tarixində Zəngəzur qəzasının sonuncu qazısı kimi tanınan və Stalin rejiminin amansız pəncəsindən qurtulmayan Bəhlul Behcət 1885-ci ildə Qubadlının Dondarlı kəndində doğulub. İbtidai təhsilini atası Mustafa əfəndidən və Hacı Çələbidən alıb. Nuxa mədrəsəsində təhsilini davam etdirib, ardınca Türkiyə və İranda oxuyub. 1915-ci ildə Azərbaycana qayıdıb, 1920-ci ilədək Zəngəzurda qazı kimi fəaliyyət göstərib. Bu illərdə Zəngəzurda qırğınlar və talanlar olduğu üçün xalqı aclıqdan qorumağa çalışıb.
Cümhuriyyətin işğalı ilə barışmayan Behcət əhalinin ruslara qarşı üsyanını təşkil edib, bir müddət Türküstana keçib, 1922-ci ildə orada əhalini qiyama çağırıb. Ardınca Cənubi Azərbaycana keçən Bəhlul əfəndi oradakı mühacir müsavatçılarla və türk konsulluğu ilə əlaqə yaradıb. Şəxsi arxivimizdəki yadigar da məhz bu dönəmə aiddir.
1923-cü ildə Zəngəzura qayıdan Behcət qısa zamanda həm bolşeviklərin, həm də ermənilərin təzyiqinə məruz qalıb, nəticədə 23 aprel 1924-cu ildə Azərbaycan SSR Fovqəladə Komissiyası onu həbs edib. 26 iyul 1924-cu ildə Behcətə ölüm hökmü kəsilib, lakin qərar dəyişdirilərək 5 il müddətinə sürgünlə əvəz olunub. Amma daha sonra cəza yenidən dəyişdirilib və o, 3 il müddətinə islah əmək düşərgələrinə göndərilib. Cəza müddəti bitdikdən sonra yenə İranda yaşayıb, ardınca Azərbaycana keçib. Antisovet fəaliyyətini davam etdirdiyi üçün 1926-cı ildə yenidən tutulub, 22 may 1928-ci ildə 8 il müddətinə azadlıqdan məhrum olunub.
Azadlığa qovuşduqdan sonra Bəhlul Behcət 1934-1937-ci illərdə “Azərnəşr”də çalışıb. Lakin repressiya dalğasının hamını apardığı bir zamanda 1937-ci ilin avqustunda o, yenidən həbs olunub, 15 mart 1938-ci ildə güllələnib. Azərbaycan SSR Ali Məhkəməsinin 5 noyabr 1958-ci il tarixli qərarı ilə ona bəraət verilib.

Mərhum alim Cəlal Qasımov Bəhlul Behcətin dindirilmə protokolu əsasında onunla bağlı mühüm bilgiləri qələmə alıb. Onun araşdırmalarına görə, Behcətin taleyindəki son və ən dəhşətli pərdə 1937-ci ildə açılıb. 3 iyul 1937-ci ildə Xalq Daxili İşlər Komissarlığı Dövlət Təhlükəsizlik İdarəsinin leytenantı Q. Nikolayev tərəfindən onun barəsində arayış hazırlanıb və rəis Tsinman tərəfindən təsdiqlənib. 23 iyulda çıxarılan 824 saylı orderə əsasən Bəhlul Behcət iyulun 25-də növbəti və sonuncu dəfə həbs olunub. Avqustun 4-də onun evində aparılan axtarış zamanı sovet rejimini ən çox qorxudan xəzinə — 16 ədəd qiymətli kitab, 4 qovluq müxtəlif əlyazma və 3 ədəd fotoşəkil müsadirə edilib. XDİK-in tərtib etdiyi ittihamnamə tamamilə qondarma və regional iddialar üzərində qurulmuşdu. Burada ilk növbədə onun Qubadlı, Zəngilan və Cəbrayıl rayonlarında mürid təriqətlərinin rəhbəri olması, dini ideyaları təqdir edərək əhalini sovet dövlətinin tədbirlərinə qarşı müqavimətə səsləməsi qeyd edilirdi. Eyni zamanda Zəngilan və Cəbrayıl əhalisi arasında antisovet təbliğat aparmaq, kolxoz quruculuğuna mane olmaq və 1920-ci ildə İrana mühacirət etmiş Qurban adlı bir şəxsin köməkliyi ilə əhalinin şəxsi mal-qarasını sataraq əldə etdiyi pullarla İrandan silah-sursat tədarük etmək iddiası irəli sürülürdü. Ən əsası isə müstəntiqlər Bəhlul Behcətin üzərindən uydurma bir “əksinqilabi mərkəz” ssenarisi formalaşdırmağa çalışırdılar. İddia olunurdu ki, o, Bakıda Əhməd Pepinovun rəhbərlik etdiyi gizli təşkilatın üzvüdür və onun vasitəsilə Hüseyn Cavid, Əhməd Cavad, Mikayıl Müşfiq, Salman Mümtaz, Səməd Vurğun, Əmin Abid və Məmmədhüseyn Rizayev kimi millətin qaymaq ziyalıları ilə cinayətkar əlaqə zənciri yaradılıb.
Həbsindən bir gün sonra - 26 iyulda müstəntiq Atakişiyev tərəfindən dindirilən 52 yaşlı Bəhlul Behcət sistemin təzyiqlərinə cəsarətlə sinə gərərək həbs olunan günədək sovet hakimiyyəti əleyhinə əksinqilabi iş aparıb-aparmaması və özünü günahkar sayıb-saymaması barədə verilən suala qətiyyətlə yox cavabı verib, heç bir əksinqilabi təşkilatın üzvü olmadığını və belə bir iş aparmadığını bildirib. Avqustun 27-də baş tutan növbəti dindirmədə müstəntiqlər ona İrandan silah gətirmək və Qubadlı-Zəngilan-Cəbrayıl xəttində silahlı üsyana rəhbərlik etmək ittihamlarını rəsmiləşdirməyə çalışsalar da, alim bütün iddiaları yenidən rədd edib. 14 oktyabrda dindirməni əməliyyat müvəkkili, kiçik leytenant Musatov aparır və sual-cavab zamanı Bəhlul Behcət köhnə müsavatçılardan Rzaqulu Nəcəfov, Məzahir Hüseynov, Dadaşhacı İbrahimoğlu, Əlidost Cabbarov və Məmmədyar Muradov kimi şəxsləri tanıdığını etiraf etsə də, protokola xüsusi olaraq adları çəkilən şəxslərlə heç bir əksinqilabi fəaliyyətdə olmadığını qeyd etdirib. Aylarla davam edən bu dirənişin necə sındırıldığı isə illər sonra - 30 iyul 1958-ci ildə digər əməliyyat müvəkkili S. Məmmədovun DTK-ya yazdığı rəsmi etiraf və izahatı ilə ifşa olundu. Məmmədov yazırdı ki, ahıl və xəstə Əfəndiyevi sındırmaq üçün şöbə rəisi Atakişiyevin əmri ilə işə xüsusi bir “cəllad” — professional boksçu olan müstəntiq Musatov cəlb edilmişdi. Musatov dindirmə otağında qəsdən dəridən boks əlcəklərini geyinir, əzələ gücünü nümayiş etdirərək qocaya ağır fiziki işgəncələr verirdi. Bəhlul Behcət günlərlə qapalı qapılar arxasında, konveyer üsulu ilə ayaqüstə, ac və yuxusuz saxlanılırdı. Müstəntiqlər protokolları əvvəlcədən özləri tərtib edir, istədikləri yalanları yazır və psixoloji gərginliyə dözməyən, canından bezən məhbuslara kor-koranə imza atdırırdılar. Bu dəhşətli terror mexanizminin nəticəsində 27 yanvar 1938-ci ildə Bəhlul Behcət Azərbaycan SSR CM-nin 204-cü maddəsi ilə özünün müqəssir olduğunu boynuna almağa məcbur edilir. Halbuki, S. Məmmədovun da qeyd etdiyi kimi aparılan axtarışlar zamanı qeyd olunan rayonlarda bir ədəd də olsun odlu silah tapılmamışdı. Nəhayət, 15 mart 1938-ci ildə Azərbaycan SSR XDİK “üçlüy”ünün iclasında Bəhlul Əfəndi üçün əmlakı müsadirə olunmaqla güllələnmə hökmü çıxarılır və bu qəddar qərar rəmzi bir amansızlıqla 1938-ci il martın 21-dən 22-nə keçən gecə - xalqın müqəddəs Novruz bayramında icra edilir.
Bəhlul Behcət din xadimi olmaqla yanaşı həm də folklorşünas alim idi. “Təşrih və mühakimə” adlı dini əsəri olub, 1923-cu ildə Təbrizdə “Məhəmməd peyğəmbərin ailəsinin tarixi” adlı kitabı işıq üzü görüb. Bu əsər 1924-cü ildə Tehranda fars dilində də çap olunub. Eləcə də Sarı Aşıqın bayatılarını toplayıb. 1935-ci ildə o, Əbülqasim Nəbatinin əsərlərini toplayaraq “Azərnəşr”də çap edib. Kitabda Nəbatinin qısa tərcümeyi-halını da qələmə alıb.
Təbrizdəki günlərin xatirəsi
Bu yaxınlarda Türkiyədəki auksionların birindən Bəhlul Behcətə aid bir vizitka əldə etdim. Vizitkanın ön qismində “Zəngəzurlu qazı Bəhlul Behcət” ifadəsi qeyd olunub. Arxa qismində isə onun əl yazısı ilə bu ifadələr yazılıb: “Kazımzadə bəy həzrətləri, ey sevimli yurdumuzun şanlı elçisi, müqəddəs vəzifənizdə yorulmayacağınızdan əmin olmaqla bu ali əzminizə daima sizi salamlarım. Təbriz, 18 Rəbiüləvvəl”. (Mətni oxuyan dəyərli alimimiz Qiyas Şüküroğluna təşəkkür edirəm).
.jpg)
Burada adı çəkilən şəxs böyük ehtimalla o illərdə Cənubi Azərbaycanda yaşayan Cümhuriyyət deputatı, Müsavat Firqəsinin qurucularından Abbasqulu Kazımzadədir. Qeyddə il yazılmasa da, ehtimal ki, 1922-ci ilə aiddir. Həmin vaxt bir sıra müsavatçı kimi Abbasqulu bəy də Cənubi Azərbaycanda, İranda mühacir həyatı yaşayırdı, 1924-cü ildə Türkiyəyə getmişdi.
Beləliklə, bu vizitka sübut edir ki, Behcət, həqiqətən, Cənubi Azərbaycanda mühacir müsavatçılarla əməkdaşlıq edib, Azərbaycanın azadlığı üçün mübarizə aparıb...
.jpg)