BAKI, 3 iyul. TELEQRAF

Son dövrlərdə baş verən hadisələr cəzaçəkmə müəssisəsindən azad olunmuş şəxslərin bir müddət sonra yenidən kriminal mühitə yönəldiyini və bəzən də geriyə qayıtdığını sübut edir. Praktika göstərir ki, həbsxanalardan çıxan şəxslər bir çox hallarda qısa müddət sonra yenidən cinayət törədir. Bu isə cəmiyyətin təhlükəsizliyi baxımından ciddi narahatlıq doğurur.

Görünən odur ki, keçmiş məhbusların bir qismi normal sosial həyata qayıtmaqda çətinlik çəkir. Çünki məhbəsdən qurtulanlar əksər hallarda işsizlik, maddi çətinlik, sosial təcrid, ictimai qınaq və psixoloji adaptasiya problemləri ilə qarşılaşırlar.

Cəmiyyətin bir qisminin onlara etimadsız münasibəti, işə qəbulda maneələr və əvvəlki sosial əlaqələrin zəifləməsi keçmiş dustaqların normal həyata inteqrasiyasını çətinləşdirir.

Cəza siyasətinin əsas məqsədlərindən biri cəza almış şəxsin islah olunaraq yenidən cəmiyyətə qazandırılmasıdır. Məqsəd cinayət törətmiş adamı islah edərək faydalı vətəndaşa çevirməkdir.

Ayrıca qanun var

Teleqraf-ın budəfəki araşdırması Azərbaycanda cəzaçəkmə müəssisələrində məhbusların cəmiyyətə yenidən adaptasiyası üçün görülən tədbirlər barədədir. Baş verən mənfi halların qarşısını almaq üçün nələr edilə bilər?

Deputat Musa Urud Teleqraf-a bildirib ki, cəza çəkmə müəssisəsindən azad edilmiş şəxslərin adaptasiyası və sosial müdafiəsi haqqında ayrıca qanun var. Qanunla onların cəzadan sonrakı müddətdə sosial həyata adaptasiyası tədbirləri nəzərdə tutulur.

Musa Urud deyib ki, keçmiş məhbusların cəmiyyətə inteqrasiyası vacibdir: "Cəzaçəkmə müəssisəsi xüsusi rejimi, məcburi həyat tərzi olan bir yerdir. Müəyyən hüquqların və həyat şəraitinin məhdudlaşmasından sonra cəzaçəkmə müəssisəsindən azad olunan şəxslərin cəmiyyətə yenidən inteqrasiyası və normal həyata qayıtması üçün müəyyən tədbirlər görülür. Dövlət onlara bərabər şərait yaradır”.

Deputat hesab edir ki, cəmiyyətə inteqrasiya ilk növbədə həmin şəxsin fərdi keyfiyyətlərindən, iradəsindən, bilik və bacarıqlarından, eyni zamanda əhatəsindəki yaxınlarından asılıdır:

“Cəzaçəkmə müəssisəsindən azad olunan hər bir şəxsin xüsusi reabilitasiya müəssisələrində 1 ilə qədər reabilitasiya hüququ var. Onun bütün xərcləri dövlət tərəfindən ödənilir. Həmçinin, həbsdən azad olunan və ya reabilitasiyaya cəlb edilən şəxsə iş tapana qədər birdəfəlik 1000 manat məbləğində müavinət verilir. Belələrinin məşğulluğunun təmin olunması və normal həyata dönməsi kriminogen mühitə düşməməsi üçün çox vacibdir. Bu səbəbdən onların ilk növbədə məşğulluq xidmətləri tərəfindən işlə təmin olunmaq hüquqları öndə dayanır. Onlar məşğulluq xidmətlərinə müraciət edib, müvafiq işin axtarılmasını xahiş edə bilərlər.

Həbsdən çıxanlar üçün digər bir güzəşt mənzil təminatıdır. Əgər evləri yoxdursa, ailələri onlardan imtina edibsə və ya başqa bir səbəbdən yaşayış yerindən məhrum olunublarsa, yataqxanalarda, dövlət müəssisələrində mənzillə təmin olunmaq hüququndan istifadə etməlidirlər. Məşğulluğun, təhsilin, tibbi xidmətin təmin olunması qanunvericilikdə nəzərdə tutulub. Amma bu, onların fərdi keyfiyyətindən, həbs stajından, hansı səbəbdən həbs edilməsindən, düşdüyü mühitin ona təsirindən və sairdən çox şey asılıdır”.

Güzəştli kreditlər də nəzərdə tutulur

Hüquqşünas Ramil Süleymanovun sözlərinə görə, məhkumların azadlığa çıxdıqdan sonra sosial həyata adaptasiya olunması dövlət tərəfindən daimi nəzarətdədir:

“Bununla bağlı bir sıra proqramlar işlənib hazırlanıb. Ədliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Daxili İşlər Nazirliyi, Elm və Təhsil Nazirliyi, dövlətin digər struktur bölmələri kompleks tədbirlər planı tərtib ediblər. Azadlığa çıxan şəxslərin daimi məşğulluğunu, hər hansı peşəyə yiyələnməsini təmin etmək üçün tədbirlər görülür. İşlə təminatla bağlı dövlət tərəfindən güzəştli kreditlərin belə ayrılması mümkündür”.

Hüquqşünas bildirib ki, oğurluq, narkomaniya və sair bu kimi kateqoriyalarda cinayət törədənlərin reabilitasiyası mütləq dövlət tərəfindən nəzarətdə tutulmalıdır: “Hətta işəgötürənlərin bu şəxsləri işə qəbul etdikləri halda onlara müxtəlif vergi güzəştlərinin tətbiqi də qanunvericiliyə salına bilər”.

Məhkumların reinteqrasiyası cəzaçəkmə müəssisələrinə daxil olduqları gündən başlayır

Ədliyyə Nazirliyindən verilən məlumata görə, məhkum edilmiş şəxslərin sosial adaptasiyası və reinteqrasiyası onların cəzaçəkmə müəssisələrinə daxil olduğu gündən başlayır.

Bildirilib ki, bu proseslər Ədliyyə Nazirliyinin Penitensiar xidməti ilə müxtəlif dövlət qurumları arasında imzalanmış birgə tədbirlər planına əsasən, o cümlədən müxtəlif qeyri-hökümət təşkilatları ilə əməkdaşlıq çərçivəsində icra olunur:

“Qanunvericiliyin tələbinə əsasən, cəza müddətinin bitməsinə 6 ay qalmış məhkumlar xüsusi sosial reabilitasiya və reinteqrasiya proseslərinə cəlb olunurlar. Cəza müddəti bitmiş şəxslər azadlığa çıxdıqdan sonra onların sosial adaptasiya prosesi qanunvericiliyə uyğun müəyyən edilmiş qurumlar tərəfindən həyata keçirilir.

Məhkumluq həyatı yaşamış şəxslərin yenidən cəmiyyətə qayıdışını təmin etmək məqsədilə onların peşə təhsili istiqamətində işlər həyata keçirilir. Həmçinin maarifləndirici tədbirlər, seminarlar təşkil olunur”.

Növbəti 5 ildə həyata keçiriləcək kompleks tədbirlər var

Ədliyyə Nazirtliyindən bildirilib ki, hazırda 15 cəzaçəkmə müəssisəsi üzrə 8 peşə məktəbi fəaliyyət göstərir:

"Məhkumlara xalçaçı, dərzi, aşpaz, qənnadçı, şirniyyatçı, elektrik montyoru və digər peşələr üzrə təhsil almaq imkanı yaradılır. Peşə biliklərinə malik məhkumlar cəzaçəkmə müəssisələrində təsərrüfat və istehsalat işlərinə cəlb olunur, o cümlədən fərdi əmək sahələrində işləyirlər.

“Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidenti tərəfindən 11 sentyabr 2024-cü il tarixində Sərəncam imzalanıb. Bu Sərəncam cəzaçəkmə müəssisələrində keyfiyyətli peşə təhsilinin həyata keçirilməsinə və bu sahədə fəaliyyətin təkmilləşdirilməsinə, cəzaçəkmə müəssisələrindən azadlığa buraxılmış şəxslərin sosial adaptasiyasının asanlaşdırılmasına və cəmiyyətə reinteqrasiya olunmasına, əmək bazarının ixtisaslı işçi qüvvəsinə tələbatının davamlı təmin olunmasına istiqamətlənib.

Bu məqsədilə “Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsinə və mövcud infrastrukturun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsi və infrastrukturun təkmilləşdirilməsi istiqamətində tədbirlərin icrasına başlanılıb.

Fəaliyyət Planının həyata keçirilməsinə dair Tədbirlər Planına uyğun olaraq 2025-2030-cu illər ərzində cəzaçəkmə müəssisələrində peşə təhsili sahəsində normativ hüquqi bazanın təkmilləşdirilməsi, peşə təhsili üçün infrastrukturun, avadanlığın qurulması və təkmilləşdirilməsi, məhkumlar üçün peşə təhsilinin səmərəli təşkili və keyfiyyətinin yüksəldilməsi məqsədilə institusional tədbirlərin həyata keçirilməsi, peşə təhsilinə cəlb edilmiş məhkumların cəzaçəkmə müəssisələrində ödənişli fəaliyyətə cəlb edilməsi mexanizminin hazırlanması, cəzaçəkmə müəssisələrindən azad edilmiş şəxslərin işlə təmini ilə bağlı birgə fəaliyyətin təşkili və məlumatlandırma tədbirləri həyata keçiriləcək.

Həmçinin məhkumların xidmətlərinin və istehsal etdikləri məhsulların satışının həyata keçirilməsi məqsədilə bu xidmət və məhsulları təqdim edə biləcəkləri informasiya sisteminin yaradılması üzərində işlərə start verilib. Bu informasiya sistemi vasitəsilə məhkumların xidmətlərinin və istehsal etdikləri məhsulların satışı aparılacaq.

Eləcə də mütəmadi olaraq peşə təhsili prosesinə karyera məsləhətçilərinin, kənar psixoloqların, peşə təhsili üçün zəruri bilik, bacarıq və səriştələrə sahib kənar mütəxəssislərin cəlb edilməsi nəzərdə tutulur".

Qeyd olunub ki, növbəti 5 il ərzində kompleks tədbirlər nəticəsində cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsi, əmək bazarının tələblərinə uyğunlaşdırılması, mövcud infrastrukturun təkmilləşdirilməsi, cəzaçəkmə müəssisələrində peşə təhsili almış şəxslərin azadlığa buraxıldıqdan sonra işlə təmin olunması imkanlarının genişləndirilməsi və həmin şəxslər tərəfindən yenidən cinayət törədilməsi hallarının qarşısının alınması əsas hədəflərdir.

Dövlət Məşğulluq Agentliyindən bildirilib ki, penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası sahəsində məqsədyönlü işlər aparılır.

“Məşğulluq haqqında” Qanuna əsasən, cəzaçəkmə yerlərindən azad edilmiş şəxslər sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar kateqoriyasına aid edilir.

Bu əsasda onlar üçün kvota əsasında iş yerləri ayrılır, işəgötürənlərlə əlaqələndirmə aparılır və məşğulluqlarının təmin olunmasına sistemli dəstək göstərilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən bu istiqamətdə aparılan işlərin davamı olaraq, ötən il qurum cəzaçəkmə yerlərindən azad edilmiş 1320-dən çox şəxsi işlə təminat, özünüməşğulluq və peşə hazırlığı kimi aktiv məşğulluq proqramlarına cəlb edib.

Agentlik keçən il cəzaçəkmə yerlərindən azad edilmiş 1008 nəfəri işlə təmin edib. Son bir ildə bu kateqoroyaya aid 262 nəfər isə özünüməşğulluq proqramına cəlb olunub.

"Onlara təqdim edilən aktivlər hesabına kiçik ailə təsərrüfatları və mikro sahibkarlıq fəaliyyətləri qurulub ki, bu da onların dayanıqlı gəlir əldə etməsinə imkan yaradıb.

2025-ci il ərzində cəzaçəkmə yerlərindən azad edilmiş daha 52 nəfər əmək bazarının tələblərinə uyğun aktual peşə istiqamətləri üzrə peşə hazırlığına cəlb edilib. Kursları uğurla başa vuran şəxslərin işlə təmin olunmasına dəstək göstərilir”, - məlumatda qeyd olunub.

Cəzanın bitməsinə 3 ay qalmış reabilitasiya yönümlü fəaliyyətə start verilir

Sosial Xidmətlər Agentliyindən verilən məlumata görə isə, qeyd edilən kateqoriyaya aid şəxslərin sosial reabilitasiyası və cəmiyyətə reinteqrasiyası istiqamətində davamlı iş aparılır.

Qeyd edilən xidmətlər Ədliyyə Nazirliyi ilə əməkdaşlıq çərçivəsində icra olunur.

“Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial mühitə adaptasiyası və onların törədə biləcəyi residiv cinayətlərin qarşısının alınması məqsədilə cəzanın bitməsinə 3 ay qalmış və cəza çəkməkdən azad edilmiş şəxslərlə sosial reabilitasiya yönümlü fəaliyyət həyata keçirilir.

Məhkumluq müddəti başa çatdıqdan sonra həmin şəxslərin cəmiyyətə reinteqrasiyasına və sosial-psixoloji adaptasiyasına dəstək göstərilir. Həbsdən azad edilmiş və riskli keys kimi dəyərləndirilən şəxslərə sosial-hüquqi, sosial-psixoloji və sosial-məsləhət yardımı xidmətləri göstərilir.

Sosial Xidmətlər Agentliyinin mütəxəssisləri tərəfindən 2025-ci ildə penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilən 480 nəfər qiymətləndirilib. Onlardan bir qrupu müvəqqəti olaraq Agentliyin Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslər üçün Sosial Adaptasiya Mərkəzinə yerləşdirilib. Qiymətləndirmənin nəticəsinə uyğun olaraq, ehtiyac yarandıqda şəxslərin sanatoriya-kurort yollayışları və maddi yardımla təmin edilməsi, eyni zamanda məşğulluqlarına dəstək göstərilməsi və digər istiqamətlərdə iş aparılır.

Eləcə də ötən il cəza çəkməkdən azad edilməsinə 3 ay və daha az vaxt qalmış şəxslərlə də sosial reabilitasiya işi aparılıb. Penitensiar Xidmətin 16 saylı cəzaçəkmə müəssisəsində yaradılan sosial-psixoloji kabinetin fəaliyyəti çərçivəsində Agentliyin sosial işçi və psixoloqları tərəfindən müvafiq kateqoriyadan olan 82 məhkumla, yetkinlik yaşına çatmayanlar üçün penitensiar müəssisədə isə 5 yeniyetmə ilə ilkin sosial-psixoloji qiymətləndirmə aparılıb, sosial-psixoloji adaptasiya işi mövzusunda maarifləndirici təlimlər keçilib.

Agentliyin mütəxəssisləri tərəfindən təşkil edilən bu təlimlər Penitensiar Xidmətin 22 cəzaçəkmə müəssisəsi, həmçinin 3 istintaq təcridxanasını da əhatə edib və bu tədbirlərə 500-ə yaxın şəxs cəlb edilib.

Bu istiqamətdə işlər mütəmadi davam etdirilir”, - məlumatda vurğulanıb.