BAKI, 23 may. TELEQRAF

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətləri daxilində respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.

Teleqraf xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb.

Bu çərçivədə, Əmlak Məsələləri Dövlət Xidmətinin Abşeron ərazi şöbəsi tərəfindən Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində qanunsuz tikinti işlərinin aparılması faktı aşkar edilərək, bu barədə müvafiq tədbirin görülməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinə müraciət edilib.

Müraciət əsasında FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Əmlak Məsələləri Dövlət Xidməti və Sumqayıt Şəhər İcra Hakimiyyəti nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa olunan tikili sökülüb.