BAKI, 3 iyun. TELEQRAF

Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış ABŞ ilə bir sıra Avropa ölkələri arasında NATO çərçivəsində nüvə silahlarının paylaşılması proqramının genişləndirilməsi ilə bağlı danışıqların aparıldığını təsdiqləyib.

Teleqraf xəbər verir ki, bu barədə nazir TVP Info telekanalının efirində danışıb.

Kosinyak-Kamış bildirib ki, iyunun 18-də NATO-nun Brüsseldəki qərargahında müdafiə nazirlərinin görüşü keçiriləcək və gündəliyin əsas mövzularından biri nüvə çəkindirmə potensialı olacaq.

"Bununla bağlı daha çox danışmaq istəmirəm. Bu, çox həssas mövzudur. Hər hansı açıqlama verilərsə, bu yalnız NATO səviyyəsində və yekun qərarlardan sonra olacaq", - deyə o qeyd edib.

Bundan əvvəl "Financial Times" qəzeti mənbələrə istinadən yazmışdı ki, ABŞ NATO çərçivəsində Avropada əlavə nüvə vasitələrinin yerləşdirilməsi imkanlarını nəzərdən keçirir. Məqsəd müttəfiqlərə Amerikanın təhlükəsizlik zəmanətlərinin etibarlılığını nümayiş etdirməkdir.

Məlumata görə, Vaşinqton Avropada həm adi, həm də nüvə silahı daşıya bilən əlavə bombardmançı təyyarələrin yerləşdirilməsinə hazır olduğunu bildirib. Polşa və Baltikyanı ölkələr də daxil olmaqla NATO-nun şərq cinahındakı dövlətlər bu təşəbbüsə maraq göstəriblər.