BAKI, 2 iyun. TELEQRAF
Fövqəladə Hallar Nazirliyinin Akademiyasında xüsusi təyiantlı ali təhsil müəssisəsinin yaradılmasının 18 illiyinə həsr edilmiş tədbir keçirilib.
Teleqraf xəbər verir ki, tədbirdə Akademiyanın indiki və sabiq rəhbərliyi, professor-müəllim heyəti, zabit və kursantlar iştirak ediblər.
Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə, əvvəlcə Akademiyanın fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.
Sonra FHN Akademiyasının rəisi general-mayor Baba Salayev çıxış edərək ali təhsil müəssisəsinin yaradılmasının 18 illiyi münasibətilə iştirakçıları təbrik edib. B.Salayev ali təhsil ocağının 18 illik fəaliyyət yoluna qısa ekskurs edərək bildirib ki, ötən müddət ərzində Akademiya Fövqəladə Hallar Nazirliyi üçün yüksək ixtisaslı kadrların hazırlanmasında mühüm rol oynayıb, ölkədə həyat fəaliyyəti, həmçinin yanğın təhlükəsizliyinin etibarlı şəkildə təmin olunmasına əhəmiyyətli töhfə verib.
Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2 iyun 2008-ci il tarixli Sərəncamı ilə Fövqəladə Hallar Nazirliyinin Akademiyasının yaradılması Azərbaycanda gənclərin yüksək səviyyədə təhsil almasına, ölkə əhalisinin təhlükəsizliyinin etibarlı şəkildə təmin olunmasına göstərilən ali diqqət və qayğının bariz nümunəsidir. Məhz dövlət başçısının diqqət və qayğısı sayəsində 18 il ərzində Akademiyanın maddi-texniki və metodiki bazası möhkəmləndirilib, beynəlxalq tələblərə cavab verən müasir tipli təhsil infrastrukturu formalaşdırılıb.
Akademiya rəisi vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi dövrlərdə Azərbaycan elminin və təhsilinin inkişafına xüsusi diqqət və qayğı göstərib, bu sahədə mühüm təşəbbüslər irəli sürüb və irimiqyaslı islahatlar həyata keçirib. Ulu Öndərin mütərəqqi siyasətinin mahir davamçısı Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev gənclərin hərtərəfli inkişafına, elm və təhsilin tərəqqisinə daim xüsusi qayğı göstərir, respublikamızda dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsinə əsaslanan müasir təhsil strategiyasının reallaşdırılması üçün mühüm qərarlar qəbul edir.
B.Salayev çıxışında Akademiyanın ötən illərdə əldə etdiyi uğurlardan danışıb, bu istiqamətdə əməyi keçən hər kəsə təşəkkür edib.
Sonra çıxış edən Akademiyanın sabiq rəis müavini ehtiyatda olan polkovnik Aslan Hüseynov Akademiyanın yaranma tarixindən, inkişaf mərhələlərindən və əldə etdiyi nailiyyətlərdən danışıb. O, Akademiyanın qısa zamanda ölkənin aparıcı xüsusi təyinatlı ali təhsil müəssisələrindən birinə çevrildiyini vurğulayaraq, burada formalaşmış sağlam təhsil mühitinin və peşəkar kadr potensialının gələcək uğurlar üçün möhkəm zəmin yaratdığını bildirib.
Tədbirdə çıxış edən kursant Ruslan Cəbiyev Akademiyada təhsil almağın məsuliyyət və qürurundan danışıb, yaradılan şəraitə görə kursantlar adından minnətdarlığını bildirib, gələcəkdə Vətənə və xalqa layiqli xidmət edəcəklərini vurğulayıb.
Sonra xidmətdə fərqlənən əməkdaşlar barədə həvəsləndirmə tədbirləri ilə bağlı əmr oxunub.
Tədbirin sonunda Akademiyanın hərbi orkestrinin solisti gizir Anar İlhamlı və digər ifaçıların iştirakı ilə konsert proqramı təqdim olunub.