BAKI, 10 fevral. TELEQRAF
Prezident İlham Əliyevin imzaladığı yeni “Əmək pensiyalarının indeksləşdirilməsi haqqında” Sərəncam 1,1 milyon pensiyaçının sosial müdafiəsinin gücləndirilməsində növbəti irəliləyişə imkan yaradır.
Teleqraf xəbər verir ki, bunu yeni Sərəncama əsasən pensiyaların indeksləşdirilərək artırılması və pensiya sahəsində görülmüş işlərə dair brifinqdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev deyib.
O bildirib ki, bu, onların, yəni yaşa, əlilliyə və ailə başçısını itirməyə görə pensiya alan insanların rifahına daha bir dəstəkdir.
Onun sözlərinə görə, Sərəncamla bütün pensiyalar 2025-ci il üzrə orta aylıq əməkhaqqının illik artım göstəricisinə uyğun olaraq bu il yanvarın 1-dən 9,3 faiz indeksləşdirilməklə artırılıb.
"Pensiyaların təyinatı kimi, pensiyalarda bu artım da proaktiv qaydada, pensiyaçıların müraciətinə və sənəd təqdim etmələrinə ehtiyac olmadan, e-sistem üzərindən avtomatik həyata keçirilir.
Yeni pensiya artımları üçün illik əlavə olaraq 640 milyon manat vəsait ayrılıb. İndeksasiya üzrə yeni artım 2025-ci il üzrə inflyasiya dərəcəsini üstələyir.
2018-2025-ci illərdə orta aylıq pensiya 208 manatdan 543 manata, yaşa görə orta aylıq pensiya 234 manatdan 578 manata çatıbsa, artıq yeni artımla orta aylıq pensiya və yaşa görə orta aylıq pensiya müvafiq olaraq 593 manata və 632 manata çatır. Bu da 2018-ci ilə nisbətən orta aylıq pensiyada 2,8 dəfə, yaşa görə orta aylıq pensiyada 2,7 dəfə artıma nail olunması deməkdir.
Ümumilikdə isə 2018-ci ildən ötən dövrdə Prezident cənab İlham Əliyevin tapşırıqları əsasında icra olunan 5 sosial islahat paketi nəticəsində pensiyalarda da ciddi artımlara nail olunub. Minimum pensiya 2,9 dəfə artırılaraq 110 manatdan 320 manata çatdırılıb", - o bildirib.