BAKI, 24 yanvar. TELEQRAF

BP və tərəfdaşları Azərbaycan Milli İncəsənət Muzeyində (AMİM) ölkənin görkəmli nonkonformist rəssamlarının əsərlərinin nümayişi üçün ayrılmış xüsusi sərgi zallarının təmiri və modernləşdirilməsini maliyyələşdirib.

Teleqraf xəbər verir ki, layihə çərçivəsində 800 kvadratmetr divar, 400 kvadratmetr tavan və 330 kvadratmetr döşəmə sahəsi təmir edilib, həmçinin ən azı 150 sənət əsəri üçün qabaqcıl işıqlandırma sistemləri quraşdırılıb və muzey standartlarına uyğun 150 ədəd yeni taxta çərçivə hazırlanıb.
XX əsr Azərbaycan nonkonformist rəssamlarının əsərləri Muzeyin kolleksiyasının əhəmiyyətli bir hissəsini təşkil edir.

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Cio Kristofoli bildirib ki, şirkət Azərbaycanın zəngin mədəni irsinin qorunub saxlanmasına və təşviqinə yönəlmiş təşəbbüsləri dəstəkləməkdən qürur duyur:

“Bu gün təqdim etdiyimiz layihə Azərbaycanın nonkonformist təsviri sənət məktəbinin təbliğinə birbaşa töhfə verir".

Ümumi dəyəri 358 min 89 manat (210 min 640 ABŞ dolları) təşkil edən bu layihə “Greentech Solutions” MMC tərəfindən icra olunub.