BAKI, 13 iyul. TELEQRAF
Azərbaycan və Çin arasında hərtərəfli strateji tərəfdaşlıq haqqında Bəyannamənin imzalanmasından sonra əməkdaşlıq bütün istiqamətlər üzrə sürətlə inkişaf edir.
Teleqraf xəbər verir ki, bunu Prezident İlham Əliyev "Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması" mövzusunda keçirilən IV Şuşa Qlobal Media Forumunun açılış mərasimində bildirib.
Dövlət başçısı bildirib ki, strateji tərəfdaşlıq haqqında Bəyannamənin imzalanmasından sonra siyasi, iqtisadi, nəqliyyat, logistika və digər sahələrdə əməkdaşlıq daha da genişlənib:
"Hazırda daha çox Çin şirkəti Azərbaycanda fəaliyyət göstərir. Onlardan bəziləri iri investisiya layihələri həyata keçirir, digərləri isə infrastruktur layihələrində iştirak edir. Dövlət səfəri zamanı aparıcı Çin şirkətlərinin rəhbərləri ilə görüşlər keçirilib və əməkdaşlığın yeni istiqamətləri müzakirə olunub".
İlham Əliyev bildirib ki, Azərbaycan və Çin müdafiə sənayesi, hərbi-texniki əməkdaşlıq və təchizat sahəsində də qarşılıqlı fəaliyyət imkanlarını nəzərdən keçirirlər:
"Orta Dəhliz vasitəsilə Çin və Azərbaycan arasında yükdaşımaların həcmi artır. Bu məqsədlə Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ötürücülük qabiliyyəti demək olar ki, iki dəfə artırılır".
Prezident əlavə edib ki, bərpaolunan enerji sahəsində də Çin şirkətləri Azərbaycana investisiya yatırmağa başlayıb: "Ölkədə həyata keçirilən günəş enerjisi layihələrində istifadə olunacaq panellərin əksəriyyəti Çin istehsalı olacaq".
İlham Əliyev vurğulayıb ki, Azərbaycan Çin şirkətləri ilə əməkdaşlığın nəticələrindən razıdır və bu tərəfdaşlığın gələcəkdə daha da genişlənəcəyinə inanır.