BAKI, 13 iyul. TELEQRAF
Prezident İlham Əliyev Azərbaycanın müharibə deyil, beynəlxalq hüquqa əsaslanan davamlı sülhün tərəfdarı olduğunu bildirib.
Teleqraf xəbər verir ki, bunu Prezident İlham Əliyev "Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması" mövzusunda keçirilən IV Şuşa Qlobal Media Forumunun açılış mərasimində bildirib.
Dövlət başçısı qeyd edib ki, Azərbaycan 30 il ərzində işğalla üzləşsə də, münaqişənin sülh yolu ilə həllinə çalışıb: "Azərbaycan torpaqlarını hərbi yolla azad etsə də, lazım olan məqamda əməliyyatları dayandıraraq məsuliyyətli mövqe nümayiş etdirib".
Prezident vurğulayıb ki, Azərbaycan Xocalı faciəsini və işğal dövründə törədilən dağıntıları heç vaxt unutmayacaq: "Bununla belə, ölkə regionda uzunmüddətli sülhün və sabitliyin tərəfdarıdır".
İlham Əliyev region ölkələrini məsuliyyətli davranmağa, münaqişələrin genişlənməsinə yol verməməyə və münasibətləri normallaşdırmağa çağırıb.