BAKI, 18 yanvar. TELEQRAF
"OpenAI" şirkəti "ChatGPT"də reklamların sınaqdan keçiriləcəyini elan edib.
Teleqraf xəbər verir ki, reklamlar pulsuz istifadəçilər və "Go" planına abunə olanlar üçün göstəriləcək,
"Plus", "Pro", "Business" və "Enterprise" planlarının sahibləri isə reklamlardan azad olacaq.
Şirkət bildirir ki, reklam vasitəsilə gəlir əldə etmək abunə haqqı ödəməyən istifadəçilər üçün bəzi məhdudiyyətlərin aradan qaldırılmasına imkan verəcək. Eyni zamanda, "ChatGPT Go" planı bütün mövcud ölkələrdə istifadəyə veriləcək, istifadəçilər ayda 8 dollar qarşılığında mesaj, şəkil yaratma, fayllarla işləmə və chat-bot yaddaşı üzrə genişləndirilmiş limitlər əldə edəcəklər.
Sınaq ABŞ-də başlayacaq, sonradan digər ölkələrə də yayılacaq. Reklamlar yalnız yetkin və identifikasiya olunmuş istifadəçilərə göstəriləcək və cavabların sonunda mövzuya uyğun formada yerləşdiriləcək. Reklamlar vizual olaraq əsas mətndən fərqləndiriləcək.
"OpenAI" bildirir ki, reklamlar süni zəkanın cavab keyfiyyətinə təsir etməyəcək və reklamverənlər istifadəçi söhbətlərinə giriş əldə edə bilməyəcək. İstifadəçi parametrlərində reklamlara fərdi yanaşmanı idarə etmək, müəyyən reklamları gizlətmək və ya tamamilə söndürmək mümkündür.
Sınaq zamanı reklamlar azyaşlılara göstərilməyəcək və sağlamlıq, psixi vəziyyət və siyasət kimi həssas mövzularda reklamlar çıxmayacaq. Gələcəkdə interaktiv formatların əlavə olunması planlaşdırılır ki, istifadəçilər reklam olunan məhsullar barədə birbaşa dialoq zamanı suallar verə bilsinlər. Şirkət vurğulayır ki, əsas prioritet ödənişli abunəlikdir, reklam isə əlavə gəlir mənbəyidir.