BAKI, 16 yanvar. TELEQRAF

"Atamın vəziyyəti əvvəllər yaxşı idi. Amma son iki ildə o həm insult, həm də infarkt keçirdi".

Teleqraf xəbər verir ki, bu sözləri İsveç Krallığının Malmö şəhərində vəfat edən Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyevin qızı Nigar Tağıyeva jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, atası bu səbəbdən Stokholmda reabilitasiya mərkəzində müalicə alıb.

"Atam bizimlə Azərbaycan dilində danışırdı. Azərbaycanı çox sevirdi. Yeməklərimizi də mənə atam öyrədib", - Nigar Tağıyevə əlavə edib.

Milli Qəhrəmanın oğlu Rövşən Tağıyev isə qeyd edib ki, atası hər zaman övladlarının qayğısını çəkib.

"O, Vətən uğrunda döyüşəndə belə bizi unutmayıb. O bizə həmişə yaxşı ata olub".

Xatırladaq ki, Şahin Tağıyev 3 fevral 1949-cu ildə Tərtər rayonunda anadan olub. 1969-cu ildə Energetika Texnikumunu bitirib və təyinatla Rusiyanın Udmurt vilayətinə göndərilib.

Gənc yaşlarından Rusiya və Azərbaycanda əvvəlcə energetika, ardınca ticarət sahələrində fəaliyyət göstərən Şahin Tağıyev 1988-ci ildə milli azadlıq hərəkatına qoşulub. 1991-ci ildə könüllü olaraq Qarabağ müharibəsinə qatılan qəhrəman leytenant rütbəsində bölük komandiri kimi döyüşlərə rəhbərlik edib.

1992-ci ildə həmin bölüyün bazasında yaradılan “Qurtuluş” batalyonunun komandiri təyin edilərək Ağdərə istiqamətində düşmən cəbhəsinin yarılmasında, eləcə də Tərtər, Seysulan, Yarımca və Levonarx istiqamətlərində aparılan döyüşlərdə xüsusi igidlik nümayiş etdirib.

O, ötən il dekabrın 29-da uzun sürən xəstəlikdən sonra vəfat edib.