BAKI, 9 yanvar. TELEQRAF
AzTV-nin Teleradio Akademiyasında ölkənin tanınmış dilçi mütəxəssislərinin, ustadların iştirakı ilə treninqlərə start verilir.
Teleqraf xəbər verir ki, 3 ay davam edəcək treninqlərdə televiziya və radio, agentlik və saytlarda çalışan 50-ə yaxın gənc jurnalist, redaktor və aparıcı iştirak edəcək.
AzTV-nin Teleradio Akademiyasında təşkil olunan treninqlərdə ölkənin tanınmış dilçi mütəxəssislərinin, ustadların iştirakı ilə təcrübə mübadiləsi aparılacaq.
Təlimlər zamanı iştirakçılara Azərbaycan ədəbi dilinin norma və qaydaları, efir dili, düzgün tələffüz, peşəkar nitq mədəniyyəti, etik üslub, habelə mediada tez-tez rast gəlinən dil səhvləri və onların aradan qaldırılması yolları barədə praktiki və nəzəri biliklər veriləcək.
Təlimlərin əsas məqsədi mediada dilin keyfiyyətinin artırılması, gənc media nümayəndələrinin peşəkar nitq bacarıqlarının inkişaf etdirilməsi və ictimaiyyətə təqdim olunan məzmunun daha səlis, anlaşılan və mədəni formada çatdırılmasına töhfə verməkdir.
Təlim proqramının sonunda iştirakçılar arasında aparılan monitorinqin nəticələri açıqlanacaq, əldə olunan göstəricilər əsasında ümumi qiymətləndirmə aparılacaq və treninqin effektivliyi təhlil ediləcək.
Qeyd edək ki, bu təşəbbüs Azərbaycan dilinin mediada qorunması və inkişaf etdirilməsi, eyni zamanda peşəkar jurnalistikanın keyfiyyətinin yüksəldilməsi istiqamətində atılan mühüm addımlardan biridir.