BAKI, 24 iyun. TELEQRAF

Azərbaycan və Türkmənistan arasında münasibətlər ortaq tarixə, dil və mədəniyyət birliyinə, mənəvi dəyərlərə və qarşılıqlı hörmət prinsiplərinə əsaslanan möhkəm təməl üzərində formalaşmışdır. Xəzər dənizinin iki sahilində yerləşən qardaş xalqlar əsrlər boyu sıx əlaqələr saxlamış, müstəqillik illərində isə bu münasibətləri yeni məzmun və keyfiyyət mərhələsinə yüksəltmişlər.

Teleqraf xəbər verir ki, bu fikirləri Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

Komitə sədri bildirib ki, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana rəsmi səfəri və səfər çərçivəsində keçirilən yüksək səviyyəli görüşlər iki ölkə arasında strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin mətbuata bəyanatı iki qardaş dövlət arasında münasibətlərin mövcud vəziyyətini və gələcək inkişaf perspektivlərini əhatə edən mühüm siyasi mesajlarla zəngindir.

Səfər çərçivəsində siyasi əməkdaşlığın əhəmiyyətinə toxunan deputat vurğulayıb ki, ölkələr arasında əldə olunan uğurların əsasında ilk növbədə qarşılıqlı siyasi iradə və etimad dayanır:

"Dövlət başçısının sözləri ilə desək, ‘Siyasi qarşılıqlı fəaliyyət olmasaydı, heç bir coğrafi şərait səylərimizi birləşdirməyə imkan verməzdi.’ Bu fikir Azərbaycan və Türkmənistan arasında mövcud olan strateji tərəfdaşlığın əsas hərəkətverici qüvvəsinin siyasi dialoq və qarşılıqlı dəstək olduğunu bir daha nümayiş etdirir".

Siyavuş Novruzov Türkmənistanın Azərbaycanın ərazi bütövlüyünün bərpasından sonra Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa və quruculuq işlərinə göstərdiyi dəstəyi xüsusi qeyd edib. O, Türkmənistan xalqının milli lideri Qurbanqulu Berdiməhəmmədovun xidmətlərini xatırladaraq deyib:

"Ölkə başçısı Qarabağın bərpasında göstərilən köməyə görə Arkadağ Qurbanqulu Berdiməhəmmədova xüsusi təşəkkürünü bildirib. Bu ifadə qardaş ölkənin Azərbaycanın postmünaqişə dövründə həyata keçirdiyi bərpa prosesinə verdiyi töhfələrin yüksək qiymətləndirilməsinin göstəricisidir".

Komitə sədri həmçinin əlavə edib ki, Türkmənistan tərəfinin Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Şurasına tamhüquqlu üzv kimi qəbul olunması məsələsində göstərdiyi fəal dəstək türk dünyasında inteqrasiya proseslərinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Deputat iki ölkənin BMT, Qoşulmama Hərəkatı və Türk Dövlətləri Təşkilatı çərçivəsində də bir-birini ardıcıl şəkildə dəstəklədiyini və bu gün nəqliyyat-logistika, enerji təhlükəsizliyi, ticarət və humanitar sahələrdə geniş perspektivlərin mövcud olduğunu diqqətə çatdırıb.