BAKI, 11 dekabr. TELEQRAF

Ötən əsrdə Türkiyəyə mühacirət edən azərbaycanlılar təkcə ictimai-siyasi həyatda yer almayıb, eləcə də qardaş ölkənin mədəni yaşamında da müəyyən qədər iştirak ediblər. Azərbaycanlı sənətkarlar musiqi heyətləri yaradıb, Qafqaz rəqslərinin Türkiyədə tanınmasında önəmli rol oynayıblar. Bəzi mühacirlər isə film çəkmək, rejissorluq etmək kimi daha çətin peşədə də özlərini sınayıblar. “Azəri sinema sahibi” ünvanı ilə tanınan İskəndər Nəcəf adlı həmyerlimiz 1946-cı ildə Türkiyədə “Birlik” film şirkətini qurub, altı film ərsəyə gətirib. Həmin filmlərin bəziləri Misirdə çəkilib, oradakı film sənayesinin inkişafına da təsir edib. İskəndər bəy Türkiyədə “Yerli Film Yapanlar” cəmiyyətində yer alıb. “Birlik” filmdə hazırlanan filmlər bunlardır: “Yanık Kaval” (1947), “Çıldıran Kadın” (1948), “Dağların Kızı Ruhsar” (1952), “Kocatepe’nin Beş Atlısı” (1952), “Saadet Şarkısı” (1958).

İskəndər Nəcəfin qardaşı Əhəd Nəcəf isə “Zafer” sinemasının sahibi olub. İskəndər bəy haqqında əlimizdə yetərli məlumat yoxdur. Atası Əbdülcabbar bəyin vəfatı ilə bağlı “Cumhuriyet” qəzetindəki nekroloqdan məlum olur ki, onun İskəndər, Əhəd, Zübeydə (Balıkəsir müəllim məktəbinin əməkdaşı), Raxşəndə adlı övladları da olub. Raxşəndə xanım Kadınhan jandarma komandanı Rahim Karaçay ilə evli olub. 4 iyun 1940-cı ildə vəfat edən Əbdülcabbar bəyin cənazəsi 5 iyunda Cağaloğlu Molla Fenari küçəsi 27 nömrəli evindən götürülüb, Nurosmaniyə məscidində cənazə namazı qılındıqdan sonra Feriköydə dəfn olunub. Ehtimal ki, İskəndər Nəcəf daha sonra Amerikaya köçüb. Çünki “Azerbaijan Society of America” adlı təşkilatın sədri kimi də adı çəkilib.

Azərbaycanlı ssenarist və rejissor Əziz Özerin çəkdiyi “Qatil mənəm” filmi isə birbaşa Azərbaycan ruhunu əks etdirən film olub. Təəssüf ki, sadəcə afişası günümüzə gələn bu film 1955-ci ildə ərsəyə gətirilib. “Kurt Film”də çəkilən kinonun istehsalçısı Mehmed Arancı, operatoru Əhməd Cezmi Ar (1898-1976) olub.

Filmdə baş rolda azərbaycanlı Əfruz Yücel xanım çəkilib. Filmin mövzusu haqqında məlumatımız olmasa da, heyətin kimliyi haqqında bilgi toplamağa çalışdıq.

Rejissor Əziz Özer

Filmin rejissoru, ssenaristi və musiqiçisi Əziz Özər barədə də əlimizdə yetərli bilgi yoxdur. Gəncədən olan mühacir sənətkar Məhəmmədhüseyn Berk xatirəsində onun haqqında qısa bilgi yazıb: “İlk teatr fəaliyyətimizə Polşadan İstanbula gələn Əziz Özer bəyin, qadın sənətkarlardan Sara xanım (Səriyyə xanımın bacısı), Asiyə xanım, Rüçhan xanım, Nəbahət xanım kimi sənətkarların qatılması ilə 1929-cu ildə başladıq”.

Tədqiqatçı Cumhur Turan Əziz bəyin bakılı olduğunu, Azərbaycan Kültür Dərnəyinin gecələrində piano çaldığını qeyd edib, bir xatirəsini bölüşüb: “Amerikadan İstanbula gəldiyi zaman atam Həmid Turan ustadı evində qonaq etmişdi. Söhbət əsnasında da maqnitafondan musiqi dinlədiyini xatırlayıram. Şıq, gözəl simalı bir insandı”.

Azərbaycan Kültürünü Tanıtma Dərnəyinin orqanı olan “Azərbaycan Yurt Bilgisi” dərgisinin 37-ci sayında Əziz Özerin “Türkiyədə azəri türkü və oyun havaları” adlı məqaləsi dərc olunub. Bu yazısında o, “Şuşanın dağları” və “Aman ovçu” mahnılarının mətnini və notunu dərc edib. Ankarada çıxan “Azerbaycan” dərgisində isə Əziz bəyin “Qaçqın türklərin milli oyun tamaşaları” adlı məqaləsi çıxıb. O, bu yazısında 26 aprel 1956-cı ildə “Şan” sinemasında 1500 nəfərlik tamaşaçının önündə oynanılan qaçqın türklərin folklor oyunlarından bəhs edib. Yazıdan bəlli olur ki, burada Azərbaycanı özü, Əfruz xanım, Mehmed Çaylı (məşhur muğam ustadı Məşədi Məhəmməd Fərzəliyev) və digərləri təmsil ediblər. Özerin özü “Çoban” oyununu, digərləri isə “Qaytağı”, “Ənzəli” kimi rəqsləri ifa ediblər. Azərbaycan təmsilçiləri oyunlar zamanı üçrəngli bayrağımızı dalğalandırıblar.

Əziz Özerin 1958-ci ildə “Azerbaycan” dərgisində “Qarsda oynanılan milli oyunlar” adlı yazısı işıq üzü görüb. Bu məqaləsində o, “Şamil” oyununun türklərə məxsus olduğunu bildirib.

Baş rolda oynayan aktrisa

Tamundar qızı Əfruz Yücəl 1914-ci ildə doğulub. Türkiyəyə necə, hansı tarixdə gəlməsi ilə bağlı əlimizdə məlumat yoxdur. 1953-cü ildə İstanbulda qurulan Azərbaycan Kültürünü Tanıtma Dərnəyinin idarə heyətinin üzvü olub. Hüseyn Bala bəylə birgə Azərbaycan Folklor Qrupunu yaradıb. Əfruz xanım 26 avqust 1982-ci ildə vəfat edib, İstanbulda Seyid Əhməd Dərəsi məzarlığında dəfn olunub.

Baş rolda oynayan aktyor

Haqqında ən çox məlumat olan aktyor isə qarslı Fərmani Baydakdır. O, “Hemşehri” qəzetində özü haqqında yazdığı bioqrafiyada mühüm bilgilər verib:

“1926-cı ildə Qarsın Ortaqapı məhəlləsində doğulmuşam. Musiqi həyatıma 1936-37-ci illərdə Qars valisi Akif Eyidoğanın təşviqilə qurulan Xalq Evi bandosunda mərhum Hüseyn xan Talınlının tövsiyəsilə başladım. On yeddi nəfərlik heyəti olan şəhər bandosu dövrün böyük musiqi müəllimlərindən Əhməd bəy, Çernavski, bolqar mühaciri Cövdət bəy tərəfindən idarə edilirdi. O zamanlar Xalq Evində iki piano və bir çox nəfəsli alətlər vardı. İnönü Qarsa gəldiyi zaman indiki vilayət binasında ona bir konsert verdik. Mən o zamanlar 14 yaşımda idim. Qırx beş dəqiqəlik müddətdə dörd əsər ifa etdik”.

Fərmani bəy daha sonra müxtəlif işlərdə çalışıb, klarnet ifa edərək musiqi həyatına davam edib. Bu müddətdə yuxarıda bəhs etdiyimiz İskəndər Nəcəfin filmlərindən birinə çəkilib: “Daha əvvəllər İstanbula gəldiyim zaman tanış olduğum Əziz Özər bəydən “Dağların qızı Ruhsar” filmində ikinci rolda oynamağım üçün təklif gəldi. 750 lirə qarşılığında müqavilə bağladıq. Bu müqavilənin sonunda mənə beş yüz lirə avans verdilər. Bu pulu əlimə götürdüyümdə onlara dedim: “Bu pul mənim olacaq?” Çünki o günə qədər ilk dəfə idi ki, əlimə böyük pul keçirdi”.

Ardınca Baydak “Qatil mənəm” filmi haqqında danışıb: “Daha sonra “Kurt Film”in sahibi Mehmed Arancıdan “Qatil mənəm” filmində baş rolda oynamağım üçün təklif aldım. Eyni ildə filmin çəkilişləri bitdi. “Qatil mənəm” filminin bütün mövzusu azəri folklor və musiqisindən ibarətdi. Filmin musiqi və folklorunda da xidmətim olub”.

Fərmani bəy atası Rza Baydakın İstiqlal Medalına layiq görüldüyünü bildirib, əsgər olduğu üçün oğlunun musiqiçi kimi yetişməsini istəmədiyini qeyd edib. Hətta atası bir dəfə ifa edə bilməsin deyə oğlunun barmaqlarını yandırmaq istəyib: “Bir gecə yatarkən barmaqlarımı yandırmaq istəyir. Anamın qışqırığına yataqdan qalxdım. Çox qorxmuşdum. Aradan uzun illər keçdi, atam İstanbula gəldi, yaşayışımı, dolanışığımı gördü və göz yaşı içində mənə dedi: “Oğlum, indi səninlə fəxr edirəm. Az qala kiçik yaşında sənin barmaqlarını yandıracaqdım. Mən o dövrün psixoloji vəziyyəti içərisində bu hərəkəti etdim. Çünki ailədən bir kimsənin çalğıçı olması ayıb sayılırdı. İndi xətamın nə olduğunu çox yaxşı anlayıram”.
Türkiyədə Azərbaycan xalq musiqisini tanıdanlardan biri olan Erol Özaydın “Qatil mənəm” filmi ilə bağlı maraqlı bir xatirəni qələmə alıb: ““Qatil mənəm” filmi Qarsda şəhər sinemasında göstərilir. İndiyədək film görməyən məhəllənin xanımları Baydakın anası Qumru xalanı da oğlunun baş rolda oynadığı filmə baxmağa aparırlar. Film başlayır, qadınlar deyirlər: “Bax, Qumru xala, o, sənin oğlun Fərmanidir”. Uzun illərdir oğlunu görməyən ana göz yaşları içərisində filmə baxmağa başlayır. Oynadığı rola görə filmdə bir səhnədə Fərmani meydanda asılır. Cəllad ipi boynuna salıb ayağının altındakı stulu çəkir. Fərmani ekranda sallanmağa başlayanda Qumru xala “vay-vay, oğlumu asdılar, oğlumu asdılar” deyərək qışqırır. Məhəllənin xanımları Qumru xalanı sakitləşdirməyə çalışırlar: “Ay Qumru xala, bu bir filmdi, sənin oğlun İstanbulda yaşayır”. Buna baxmayaraq Qumru xala oradaca özündən gedir, xəstəxanaya aparılır”.
Beləliklə, təəssüf ki, həm film haqqında, həm də onun rejissoru bakılı Əziz Özer bəy haqqında əldə edə bildiklərimiz bu qədərdi.