BAKI, 19 aprel. TELEQRAF
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin təşəbbüsü və Dövlət Yanğından Mühafizə Xidmətinin iştirakı ilə Gəncə şəhəri, Heydər Əliyev prospekti, 210 ünvanında yerləşən çoxmərtəbəli yaşayış kompleksində təlim keçirilib.
Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Təlim şərti yanğın həyəcan siqnalı ilə yanğın texnikalarının yaşayış binasına, həmçinin su hovuzuna yaxınlaşa bilməsi və ümumilikdə ərazidəki yanğına qarşı əməliyyat şəraitinin qiymətləndirilməsi məqsədilə keçirilib.
Təlim zamanı şəxsi nəqliyyat vasitələrinin bəzi sahələrdə nizamsız park edilməsi səbəbindən yanğın avtomobillərinin yaşayış kompleksinin həyətinin bir hissəsində sərbəst şəkildə hərəkətinin məhdudlaşdırıldığı müəyyən olunub. Bundan əlavə, mövcud olan daxili yanğın kranlarının tam komplekləşdirilmədiyi, binanın ilkin yanğınsöndürmə vasitələri ilə tam təmin edilmədiyi, elektrik təsərrüfatının “Elektrik Qurğularının Quraşdırılması Qaydaları”nın tələblərinə cavab vermədiyi və yanğınxəbərverici siqnalizasiya qurğusunun tam sahəyə quraşdırılmadığı və işlək vəziyyətdə olmadığı müəyyən edilib.
Qeyd olunan nöqsanların aradan qaldırılması barədə binanın yanğın təhlükəsizliyinə məsul şəxslərinə şifahi və yazılı tapşırıqlar verilib, eyni zamanda yaşayış binasının sakinləri ilə yanğın təhlükəsizliyinin təmin olunması barədə maarifləndirici söhbətlər aparılıb. Nəzərə çatdırılıb ki, yanğın və digər fövqəladə hadisələr zamanı xüsusi təyinatlı texnikaların binaların həyətinə maneəsiz daxil olması, çevik şəkildə döyüş vəziyyətinə gətirilməsi və əməliyyatların effektli keçirilməsi, habelə su hovuzları və hidrantlardan rahat istifadə üçün avtomobillər yalnız təyin olunmuş yerlərdə, bir-biri ilə ara məsafəsi gözləməklə, digər avtonəqliyyat vasitələrinin sərbəst keçid imkanı təmin olunmaqla park edilməlidir.