BAKI, 10 dekabr. TELEQRAF
Son günlər Bakı–Xırdalan–Sumqayıt qatar xəttinin fəaliyyətinin nə vaxt bərpa olunacağı, həmçinin Saray və Ceyranbatanda yeni stansiyaların tikilməsi ilə bağlı məlumatlar sakinlərin marağına səbəb olub.
Məsələ ilə bağlı Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı Teleqraf-a açıqlamasında bildirib ki, Bakı–Xırdalan–Sumqayıt xəttinin bərpası gələn ilə planlaşdırılır:
“Avtomobil yolunun tikintisi ilə bağlı görülən işlər səbəbindən dəmiryolu xəttində müvəqqəti fasilə yaranıb. Bu, daimi deyil. Yolun təmiri ilə bağlı işlər başa çatdıqdan sonra xətt yenidən fəaliyyətə başlayacaq. Cənab Prezidentin tapşırığı ilə Bakı və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi üzrə dövlət proqramı icra olunur. Bu proqram çərçivəsində həmin ərazidə tunel tikintisi nəzərdə tutulub. Tunel hazır olduqdan sonra dəmiryolu xətti işini bərpa edəcək”.
Elməddin Muradlı Saray və Ceyranbatanda stansiya tikintisi məsələsinə də aydınlıq gətirib:
“Sarayda yeni stansiyanın tikilməsi planlaşdırılır, lakin dəqiq yer hələ müəyyənləşdirilməyib. Qatar qəsəbənin içindən keçsə də, dayanacaq olmadığından sakinlər istifadə edə bilmirdi. Sarayda stansiya açıldıqdan sonra həmin ərazidə yaşayan sakinlər yaxın ərazilərə daha rahat səfər edə biləcəklər. Ceyranbatanda stansiya tikintisi hazırda planlaşdırılmır. Hazırda bu qəsəbə AYNA ekspress avtobus xətti ilə təmin olunur ki, bu da ictimai nəqliyyata əlçatanlığı müəyyən qədər yaxşılaşdırır. Gələcəkdə Ceyranbatanda stansiya tikilməsi mümkün ola bilər”.
Nəqliyyat sahəsi üzrə ekspert Rauf Ağamirzəyev bildirib ki, yaxın illərdə bir neçə dəmir yolu xəttinin bərpası planlaşdırılır. Onun sözlərinə görə, Bakıxanov–Binə–Qala xəttinin bərpası 2026–2028-ci illərdə, Zabrat–Maştağa–Bağlar xəttinin bərpası 2028–2030-cu illərdə həyata keçiriləcək.
Bundan əlavə, Yeni Suraxanı–Hövsan xəttinin bərpası 2026–2027-ci illər üçün, Güzdək–Qaradağ xəttinin bərpası isə 2027–2029-cu illər üçün nəzərdə tutulub.
Ekspert Nəriman Nərimanov dayanacağının bərpası ilə bağlı fikir bildirib. Rauf Ağamirzəyevin sözlərinə görə, avtobusla dəmiryolu arasında mübadilənin effektiv təşkili üçün piyada infrastrukturunun uyğunlaşdırılması vacibdir:
"Bununla bağlı sovet dövründən qalan platformanın sökülməsi nəzərdə tutulur. Montin qəsəbəsi istiqamətində yeni tikililər mövcuddur və həmin tərəfdən gələn ensiz küçədə avtobusların rahat manevr etməsi üçün şərait yaradılmalıdır. Bu, həm Montin, həm də Babək qəsəbəsi istiqamətində inteqrasiyanın yaxşılaşdırılmasına imkan verəcək. Təkcə Nəriman Nərimanov stansiyası deyil, bu ilin sonunda Dərnəgül dayanacağının da istifadəyə verilməsi planlaşdırılır. Bununla yanaşı, Rəsulzadə qəsəbəsində “Binəqədi Cənub” dayanacağı, eləcə də Sumqayıt-2 və Xırdalan-2 dayanacaqları baş plana daxil edilib".