BAKI, 10 dekabr. TELEQRAF
Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyi (TÜİB) 2025-ci il Fəaliyyət Hesabatı və ll Azərbaycan-Türkiyə İnvestisiya Forumuna dair mətbuat konfransı keçirilib.
Teleqraf xəbər verir ki, mətbuat konfransında TÜİB-in 2025-ci ildə həyata keçirdiyi fəaliyyətlər və əsas nəticələri haqqında məlumat verilib.
TÜİB üzvü Salih Tüfekçi bildirib ki, dekabrın 23-də Bakıda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Türkiyə Respublikasının Ticarət Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin birgə təşkilatçılığı ilə II Azərbaycan–Türkiyə İnvestisiya Forumu keçiriləcək.
TÜİB sədri Hüseyin Büyükfırat TÜİB-in fəaliyyətindən danışıb: "Məqsədimiz ölkə arasında ticarət sahəsində böyük işlər görməkdir. II Azərbaycan–Türkiyə İnvestisiya Forumda Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmaz, Türkiyənin ticarət naziri Ömer Bolatın da Azərbaycana səfər edəcək".
AZPROMO-nun icraçı direktorunun müavini Tural Hacılı Azərbaycanla Türkiyə arasındakı əməkdaşlıqdan danışıb: “Türkiyə şirkətləri Azərbaycanda çox yüksək səviyyədə fəaliyyət göstərir. Azərbaycan isə Türkiyədəki ən böyük investorlardan biridir. İşğaldan azad edilmiş ərazilərimizdə türk şirkətlərinin aktivliyini gördük. Bu günə qədər 100-dən artıq türk şirkəti müraciət edib".