BAKI, 24 noyabr. TELEQRAF
"Afen Plaza"da partlayış ərazidəki qaz sızması nəticəsində baş verib.
Teleqraf xəbər verir ki, bunu binanın sahibi Əbülfəz Əliyev jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, təmir gedən ərazidə, torpağın altında qaz sızması baş verib, binada qaz sızması olmayıb.
"Hazırda burada olmaq belə təhlükəlidir", - o əlavə edib.
***
10:44
Məlumat verildiyi kimi, Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində beşmərtəbəli binada partlayış baş verib və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətləri və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.
Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən beşmərtəbəli ofis binasında yanğınla müşayiət olunmayan partlayışın baş verdiyi və dağıntıların yarandığı müəyyən edilib.
FHN qüvvələri tərəfindən həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində 7 nəfər xilas edilib, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.
Hadisə ilə əlaqədat aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
FHN-in idarə rəisi, mayor Toğrul Mehdiyev hadisə yerində jurnalistlərə bildirib ki, hadisənin baş vermə səbəbi ilə bağlı dəqiq məlumat yoxdur: "Bu barədə ictimaiyyətə əlavə məlumat veriləcək".
***
10:30
Bu gün saat 09:00 radələrində Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində obyektdə partlayış baş verməsi səbəbilə xəsarət alan 5 nəfər Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.
Bu barədə Teleqraf-a Kliniki Tibbi Mərkəzdən məlumat verilib.
Bildirilib ki, onlardan 1 nəfərə (kişi) termiki yanıq, 4 nəfərə isə (1-i kişi, 3-ü qadın) bədənin müxtəlif nahiyələrinin müştərək travmaları diaqnouz təyin olunub.
Hazırda pasiyentlərin müalicəsi tibb müəssisəsində davam etdirilir. Vəziyyətləri orta ağır olaraq qiymətləndirilir.
***
10:11
Bu gün saat 09:00 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində obyektdə partlayış baş verməsi səbəbilə çağırış qeydə alınıb.
Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, hadisə yerinə 2 təcili tibbi yardım briqadası çağırış ünvanına cəlb olunub.
Təcili tibbi yardım briqadası tərəfindən 5 nəfərə (2-si kişi, 3-ü qadın olmaqla) yerində ilkin tibbi yardım göstərilib və onlar müştərək travmalarla ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.
***
9:55
"AFEN Plaza"da baş verən partlayış nəticəsində yaralananların olduğu bildirilir.
Bu barədə Teleqraf-ın hadisə yerində olan əməkdaşı məlumat verib.
***
09:43
Paytaxtın Nərimanov rayonu ərazisində yerləşən ofislərin birində baş vermiş partlayışla əlaqədar polis əməkdaşları hadisə yerinə cəlb edilib.
Bu barədə Teleqraf-a DİN-in Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, polis əməkdaşları tərəfindən hadisə yeri mühafizə edilərək zəruri təhlükəsizlik tədbirləri görülür.
***
09:29
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində obyektdə partlayış baş verməsi barədə ilkin məlumat daxil olub.
Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətləri və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.
Əlavə məlumat veriləcək.
