BAKI. 12 noyabr. TELEQRAF
Bələdiyyələrin imkanları zəif olduğundan ölkədə əhalinin sosial vəziyyətin yaxşılaşdırılması məqsədi ilə Qeyri-Hökumət Təşkilatlarının (QHT) rolundan istifadəyə üstünlük verilməli və onlara verilən vəsait artırılmalıdır.
Teleqraf xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa parlamentin Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin bugünkü birgə iclasında bildirib.
O qeyd edib ki, qələbədən sonra daha çox diqqət əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasına yönəldilməlidir: “Xüsusən də yaşlı, ahıl insanlara qarşı diqqət artırılmalıdır. Bunun üçün də QHT-lərə verilən qrantların həcmi artırılmalıdır”.
Deputat bildirib ki, 9 ayın nəticələrinə görə regionlarda və Bakıda otel profilli obyektlərin cəmi 26 faiz imkanından istifadə olunub. “Bu sosial həyatın aktiv olmaması, turizm sektorunun inkişaf etməməsi ilə bağlıdır. Biz elə etməliyik ki, turistlər gedib bu imkanlardan istifadə etsin”.
F.Mustafa siyasi partiyalara ayrılan vəsaitdən də danışıb: "Həm parlamentdə təmsil olunan, həm də seçkilərdə etibarlı səslər qazanaraq Milli Məclisdə təmsil olunmayan siyasi partiyalara gələn il 6 milyon manat vəsait ayrılıb. Bu, dövlətin indiki imkanları ilə uyğun gələn vəsaitdir. Bunun bölgüsü məsələsində müəyyən dəyişikliyə ehtiyac var. Çünki bir partiyanın çoxluğu təşkil etməsi təbiidir və buna görə də partiyanın daha çox vəsait ayrılması nəzərdə tutulur. Amma digər partiyaların inkişafı üçün verilən vəsait məqsədəuyğun şəkildə istifadə olunursa, onların da inkişafına öz köməyini göstərəcək. Dini icmalar və dini tədbirlərlə ayrılan vəsait 239,3 milyon manatdır. Bu, ümumi paketdə yer alsa da 37,9 faizi əsasən dini tədbirlərə yönələn vəsaitlərdir. Fikrimcə, burada vəsaitin artırılması o baxımdan məqsədəuyğun olardı ki, bu gün ölkəmiz üçün ən böyük problemlərdən biri dini maarifçiliyin imkanlarının genişləndirilməsidir. Bölgələrdə, cəmiyyətdə, qonşu ölkələrdə müəyyən problemlərin yaşandığını görürük və bu səbəbdən bu sahəyə vəsaitin ayrılması məqsədəuyğun olardı".