CƏLİLABAD, 12 oktyabr. TELEQRAF
Bir müddət öncə Cəlilabadın Ləkin kənd orta məktəbində əlbəyaxa olan müəllimlər Telman Mirzəyev və Əfsun Məcidov arasında baş vermiş davanın təfərrüatı məlum olub.
Teleqraf-a verdiyi açıqlamada ibtidai sinif müəllimi Əfsun Məcidov hər şeyin onun məktəbdə olan qanunsuzluqları aidiyyəti qurumlara açıqlayacağını deməsindən sonra başladığını bildirib:
“Heç bir işçi yerində deyil, dərslər satılır. Kimin ictimai statusu güclüdür, kim kimlə sinif yoldaşı olub, kim kimlə qohumdur, kimin kimlə münasibəti var, bu və ya digər şəkildə dərslər onlara verilir. Sertifikasiya balına baxan yoxdur. Dərslər 40-50 manata arasında satılır. Bütün bunlar mənim başıma ona görə gəlir ki, mən aylıq faiz vermirəm. Mənim ailəm böyükdür. Deyirlər, təhsil sektorunda onlardan "haqq" istəyirlər. Mən də vermirəm. Çünki pulum yoxdur. Həm də ki, axşama kimi mənim dərsim var, deyirəm gəlirəm evə. Niyə kiməsə pul verməliyəm” — deyə Əfsun Məcidov bildirib.
Onun sözlərinə görə, hazırda Ləkin kənd orta məktəbində çağırışaqədərki ibtidai hazırlıq müəllimi olan Telman Mirzəyevin də bu işlərdə əli olduğu üçün onunla mövcud konflikt yaşanıb.
Əfsun Məcidov deyir ki, davadan sonra Telman Mirzəyevin ailə üzvləri və yaxın qohumlarından ibarət 5 nəfər onun evinə hücum edib, ailəsini hədələyiblər:
“Gördüm həyətdə səs-küy gəlir. Telman Mirzəyevin yoldaşı Arifə Quliyeva, oğlu Rövşən Mirzəyev, baldızı Tünzalə Quliyeva, oğlu Sudeyif Quliyev evimə hücum etmək istəyirdilər. Həyətdəki itimiz onları içəri giməyə qoymadı. Ailəmi ağır sözlərlə təhqir edirdilər, hədələdilər.”
Qeyd edək ki, Əfsun Məcidovu döydüyü iddia edilən Telman Mirzəyevin həyat yoldaşı Arifə Quliyeva da məktəbdə katibə vəzifəsində çalışır. İddialara görə, onun da işini əslində həyat yoldaşı Telman Mirzəyev aparır məktəbdə. Məsələ ilə bağlı Əfsun Məcidovun müraciəti əsasında Cəlilabad Rayon Prokurorluğunda araşdırmalar aparılır.