BAKI, 1oktyabr. TELEQRAF

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində XI Bakı Beynəlxalq kitab sərgisinin açılış mərasimi keçirilir.

Teleqraf-ın xəbərinə görə, açılış tədbirində deputatlar, mədəniyyət nazirinin müavinləri, rəsmi şəxslər, ədəbiyyat nümayəndələri, xarici qonaqlar və media mənsubları iştirak ediblər.

Xalq artisti Polad Bülbüloğlu bildirib ki, XI Bakı Beynəlxalq kitab sərgisi çox mühüm və vacib bir tədbirdir: "Kitablar həmişə insanın inkişafında mühüm rol oynayır. Xeyirli olsun!"

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəyli qeyd edib ki, Mədəniyyət Nazirliyi kitab sərgisini təqdim etməklə inkişafı təşviq edir.

Onun sözlərinə görə, alimlərin elmi kitablarının cəmiyyətə təqdim olunması mədəniyyət sahəsinə elmi məzmun gətirir.

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili Səbinə Əliyeva bildirib ki, kitabsevərlərin, elm və mədəniyyət xadimlərinin, həmçinin dünyanın müxtəlif ölkələrindən gələn qonaqların iştirakı ilə bu sərgi sözün əsl mənasında böyük bir bayramdır:

"250-dən artıq tədbirin keçirilməsi planlaşdırılan bu sərgi çərçivəsində dünya şöhrətli yazıçı və alimlərin iştirakı tədbirə xüsusi əhəmiyyət qazandırır.

Bu kimi sərgilər yalnız mədəniyyətin inkişafına deyil, həm də maarifləndirmə baxımından cəmiyyətə böyük xidmət göstərir. Vətəndaşların hüquq və vəzifələrini daha yaxşı başa düşməsinə şərait yaradır.

Ombudsman təsisatının stendində isə 300-ə yaxın kitab təqdim olunur".