XANKƏNDİ , 17 sentyabr. TELEQRAF

Artıq yeni tədris ilindən Qarabağ Universitetində Tibb və Sağlamlıq Elmləri fakültəsi fəaliyyətə başlayacaq. Fakültənin yerləşdiyi tədris korpusu müasir tələblərə cavab verən avadanlıqlarla təchiz edilib.

Bu barədə Qarabağ Universitetinin klinikasının rəhbəri, Tibb və sağlamlıq elmləri fakültəsinin dekanı Samir Babayev Teleqraf-ın Qarabağ bürosuna məlumat verib.

S. Babayev bildirib ki, binada 10 dərs və 9 auditoriya otağı, 3 laboratoriya, iş və imtahan otaqları, istirahət zonaları, kitabxana, brifinq zalları yaradılıb:

"Korpusda mikrobiologiya, histologiya laboratoriyaları, hüceyrə yetişdirmə və digər inzibati otaqlar fəaliyyət göstərəcək. Fakültədə öz təcrübələr ilə seçilən yerli və xarici ekspertlərin beynəlxalq təcrübələrə əsaslanaraq hazırladıqları tibb və tibb bacısı proqramlarının tədrisi həyata keçiriləcək. Qeyd edim ki, tibb 6 il, tibb bacısı ixtisasları isə 4 illik nəzərdə tutulub. Müasir təhsil modeli tələbələrin nəzəri biliklərini Qarabağ Universitetinin Klinikasında praktik vərdişlərə çevirməyə imkan yaradacaq".

S. Babayevin sözlərinə görə, klinika regionun tibbi sahədə ixtisaslı kadr yetişdirilməsində mühüm rola malik olacaq.

“Klinika Qarabağ Universitetində tibb ixtisası üzrə təhsil alan tələbələrin peşəkar kadr kimi hazırlanmasını təmin edəcək. Burada elmi tədqiqatlar, tədris və tibbi xidmət fəaliyyəti həyata keçiriləcək. Bu da regionda əhaliyə daha yaxşı tibbi xidmət göstərilməsiə imkan verəcək. Klinikada keçiriləcək elmi tədqiqatlar Qarabağ Universitetinin akademik nüfuzunun və beynəlxalq reytinqinin artmasına, ölkəmizdə tibb elminin inkişafına öz töhfəsini verəcək.

Əsas görəcəyimiz işlər, mərhələli, təhlükəsiz şəkildə klinikanın açmaqdır. Tələbələrimizi gözləyirik, onlar artıq Xankəndidədir. Klinikanın tam fəaliyyətində tələsməməyi qərar verdik. Ən vacib olan xəstələrimizin təhlükəsizliyidir. Ona görə də klinikanın 3 mərhələdə açılmasına qərar verdik. İlk mərhələdə poliklinikalardır, yaxın gələcəkdə elan verəcəyik ki, 22 fərqli ixtisaslı həkimlərimiz var. Klinika uşaq pediatriyası ilə də təmin olunub. İkinci mərhələdə burada təcili yardım mərkəzimiz olacaq ki, buda 2026 - cı ilin mart ayına nəzərdə tutulub. Son mərhələdə isə stasionar şöbədə açılacaq ki, burada xəstələrə tibbi yardım üçün tam gücümüzlə yardım edəcəyik. 9 binamız var, gələcəkdə planlarımıza böyükdür. Burada həm elmi araşdırma mərkəzləri yaratmaq, həmçinin ana və uşaq sağlamlıq mərkəzi, antologiya mərkəzi açmaq planımız var",- dekan əlavə edib.

Qeyd edək ki, Klinika Prezident İlham Əliyevin bu ilin fevralında imzaladığı Fərmana əsasən yaradılıb. Klinikanın binasında 23 həkim otağı, laboratoriyalar, rentgen, təcili yardım, maqnit rezonans tomoqrafiya (MRT), kompüter tomoqrafiyası (KT) və angio otaqları fəaliyyət göstərəcək.