BAKI, 5 may. TELEQRAF

Ürək-damar xəstəlikləri ilə bağlı dərman vasitələrinin resept əsasında icbari tibbi sığorta tərəfindən qarşılanması nəzərdə tutulub.

Teleqraf xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev "Azərbaycan əczaçılıq sənayesi: dünən, bu gün və sabah” adlı tədbirdə deyib.

O bildirib ki, hazırda Xidmətlər Zərfi çərçivəsində bir sıra tibbi xidmətlərlə yanaşı, təcili və təxirəsalınmaz tibbi yardım zamanı, stasionar müalicə prosesində, eləcə də ambulator şəraitdə aparılan tibbi prosedurlar zamanı istifadə olunan dərman vasitələri, anesteziya xidməti və tibbi sərf materialları icbari tibbi sığorta hesabına qarşılanır.

"Eyni zamanda, resept əsasında təyin olunan ambulator dərman vasitələrinin icbari tibbi sığorta hesabına təminatı istiqamətində işlər aparılır. Bununla bağlı mərhələli yanaşma tətbiq ediləcək: ilk mərhələdə ürək-damar sistemi xəstəlikləri, növbəti mərhələdə isə həzm və tənəffüs sistemi xəstəlikləri üçün dərman vasitələrinin resept əsasında sığorta tərəfindən qarşılanması nəzərdə tutulur. Paralel olaraq, dərman vasitələrinin siyahısını müəyyənləşdirən “pozitiv siyahı” hazırlanır. Bu siyahıya daxil olan dərmanlar üzrə apteklərlə müqavilələrin bağlanılması istiqamətində işlər aparılacaq. Bu addım vətəndaşların müalicə prosesində maliyyə yükünü azaltmaqla yanaşı, onların tibbi xidmətlərdən fasiləsiz və davamlı yararlanmasını da təmin etməyi hədəfləyir.

Sonda demək istərdim ki, əczaçılıq sənayesinin inkişafı bizim üçün təkcə texniki və ya logistik məsələ deyil, bu birbaşa cəmiyyətin sağlam gələcəyinin təminatıdır. Vətəndaşa xidmət edən hər bir sahədə birlik, əməkdaşlıq və qarşılıqlı anlayış çox vacibdir. Əminəm ki, bu tədbir əczaçılıq sənayesi sahəsində dövlət və özəl sektor arasında əməkdaşlıq imkanlarını genişləndirəcək və gələcək birgə təşəbbüslərə yol açacaq",- Z.Əliyev qeyd edib.