BAKI, 10 aprel. TELEQRAF
"Araz çayı Ermənistan tərəfindən çirkləndirilir. İllərdir bunu gündəmə gətiririk, ancaq təəssüf ki, bizdən başqa kimsə bunu diqqətdə saxlamır".
Teleqraf xəbər verir ki, bunu “Environmental Protection First” QHT Koalisiyasının həmtəsisçisi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın üzvü Amin Məmmədov "Ermənistanın qanunsuz dağ-mədən sənayesi fəaliyyətinin Azərbaycan çaylarını, bütövlükdə Cənubi Qafqazın ekologiyasını zəhərlənməsi" barədə keçirilən brifinqdə deyib.
O bildirib ki, yaxın vaxtlarda İran mediası da bu mövzuda məqalə ilə çıxış edib.
"Qeyd olunurdu ki, Araz ətrafında yaşayan insanlarda mədə-bağırsaq xəstəliyi artıb və etiraf etdilər ki, buna səbəb Araz çayının çirkləndirilməsidir. 2020-ci ildə Vətən müharibəsindəki qələbədən sonra Oxçuçayın çirkləndirilməsinin qarşısı alınıb. Lakin uzun illər işlər davam edəcək. Sözügedən çay da Araza tökülür, bu da çirklənməyə səbəbə olurdu. Qeyd edim ki, Ermənistanda fəaliyyət göstərən yerli QHT-lər çayların çirkləndirilməsinə etiraz etmişdi, buna görə də erməni hökuməti onların bəzilərini Azərbaycana cəsusluqda ittiham edirdi. Biz vətəndaş cəmiyyəti olaraq Ermənistanı monitorinq keçirmək üçün şərait yaratmağa çağırırıq”.