BAKI, 8 aprel. TELEQRAF

Pakistan İslam Respublikasının Milli Gününün 85-ci ildönümü münasibətilə Bakıda rəsmi qəbul təşkil edilib.

Teleqraf xəbər verir ki, rəsmi qəbul Azərbaycan və Pakistanın Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Pakistanın Azərbaycandakı səfiri Qasım Mohiuddin tədbirdə çıxış edib, iki ölkə arasındakı siyasi əlaqələrdən və sıx dostluq münasibətindən danışıb.

"İki böyük xalq arasında dostluq və qardaşlıq, həqiqətən də, həmrəyliyin rəmzi, qarşılıqlı sevgi və hörmətə əsaslanan əməkdaşlığın güclü nümunəsidir",- deyə diplomat bildirib.

Tədbirdə çıxış edən Azərbaycanın müdafiə sənayesi naziri Vüqar Mustafayev Pakistanın Milli Bayramı münasibətilə təbriklərini çatdırıb.

"Azərbaycan ilə Pakistan arasında əlaqələr 1991- ci ildə ölkəmizin müstəqilliyini bərpa etməsindən sonra qurulub. Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkə olub. Həmin ildən Bakı ilə İslamabad arasında strateji əlaqələr qurulmağa başlayıb. Azərbaycan Prezidenti İlham Əliyev Pakistan ilə münasibətlərə xüsusi önəm verir ki, bu da iki ölkə arasındakı əlaqələrin inkişafında mühüm əhəmiyyət daşıyır. Pakistan ilə Azərbaycan arasında imzalanmış strateji tərəfdaşlıq haqqında Bəyannamə mühüm və əlamətdar hadisədir. Bakıda keçirilən COP29 çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə Pakistan Baş naziri Məhəmməd Şahbaz Şərif arasında keçirilən görüşdə ikitərəfli əməkdaşlıq müzakirə olunub və müxtəlif sahələrdə əməkdaşlıq müzakirə edilib. Hər iki tərəf qarşılıqlı əlaqələrin gücləndirilməsini qeyd edib.

İllərdir Pakistan rəsmi Bakının mövqeyini dəstəkləyir, beynəlxaq təşkilatlar çərçivəsində də ölkələrimiz bir-birini dəstəkləməyə davam edir. Pakistan Senatının Xocalı soyqırımını tanımasını, Ermənistanı dövlət kimi tanımamasını qeyd etmək yerinə düşər. Bu qərar ölkələrimiz arasında sarsılmaz dəyərin nümunəsidir", -deyə nazir söyləyib.