BAKI, 23 aprel. TELEQRAF

"Tariflər və ticarət müharibələri beynəlxalq iqtisadi sistemə zərər vurur".

Teleqraf xəbər verir ki, bunu Çin Xalq Respublikasının (ÇXR) sədri Si Cinpin aprelin 22-dən 24-dək Çində dövlət səfərində olan Azərbaycan Prezidenti İlham Əliyevlə Pekində keçirilən görüşdə bildirib.

Prezident Si qeyd edib ki, tariflər və ticarət müharibələri bütün ölkələrin qanuni hüquq və maraqlarına zərər vurur, çoxtərəfli ticarət sisteminə xələl gətirir və dünya iqtisadi nizamını pozur.

Onun sözlərinə görə, Çin Azərbaycanla birlikdə BMT-nin əsasını təşkil etdiyi beynəlxalq sistemi müdafiə etməyə, beynəlxalq ədalət və bərabərliyi qorumağa, hüquq-mühafizə və təhlükəsizlik sahəsində dərin əməkdaşlıq aparmağa hazırdır.

Görüş zamanı Çin və Azərbaycan arasında hərtərəfli strateji tərəfdaşlıq münasibətləri qurulduğu elan edilib.

Bu çərçivədə Çin lideri Si Cinpinin təşəbbüsü ilə 2013-cü ildə başladılan “Bir kəmər, bir yol” layihəsi üzrə hüquqi çərçivə, yaşıl inkişaf, rəqəmsal iqtisadiyyat, əqli mülkiyyət hüquqları və aerokosmik sahələri əhatə edən 20 əməkdaşlıq sənədi imzalanıb.