BAKI, 23 aprel. TELEQRAF
"Bu bir faktdır ki, Azərbaycan ailəsində hər hansı hadisə baş verəndə düşünürlər ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi hər şeyi həll edəcək".
Teleqraf xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova “Ailə və icma məsələlərində yerli özünüidarəetmənin təsir mexanizmləri” adlı bugünkü konfransda deyib.
"Bunu düşünənlər haqlıdırlar, amma yardımlar ailə, qadın və uşaq məsələlərində edilir. Ailə cəmiyyətin əsasıdır. Sürətlə dəyişən müasir dövrün çağırışları - urbanizasiya, sosial təcrid, iqtisadi çətinliklər, dəyərlər böhranı və informasiya təzyiqləri - ailənin sabitliyinə və funksionallığına birbaşa təsir edir. Bu dəyişikliklər ailə modelinin özündə, münasibətlərdə və sosial dəstək ehtiyaclarında da özünü göstərir.
Belə bir şəraitdə ailələrin yalnız mərkəzi deyil, yerli səviyyədə də sistemli şəkildə, onların yaşadığı icmalarda dəstəklənməsi aktuallıq kəsb edir. Ailəyə ən yaxın idarəetmə strukturu bələdiyyədir, icmadır. Bələdiyyələr ailə, xüsusilə gənc ailələr istiqamətində maarifləndirmə işləri apara bilərlər. Bələdiyyələr insanların öz gücünü həyatlarını yaxşılaşdırmaları üçün istifadə etmələrində yardımçı olmalıdır. Mən düşünürəm ki, bələdiyyələr gənc ailələrinin dəstəklənməsi məsələlərində, yerli dəyərlərin qorunmasında böyük rol oynaya bilər", - deyə sədr əlavə edib.
Qeyd edək ki, tədbir Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyaları (ABMA) və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının birgə təşkilatçılığı ilə keçirilib.
Konfransın keçirilməsində məqsəd ailələrin icmalarda dəstəklənməsi, bərabər imkanların təşviq edilməsi, əməkdaşlığın genişləndirilməsi və bu fəaliyyətin icra olunmasına effektiv yanaşmanın təmin olunmasının müzakirə edilməsidir.
Konfransda Bahar Muradova və Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyalarının Əlaqələndirici koordinatoru Aydın Muradov tərəfindən Anlaşma Memorandumu imzalanıb. Memorandum ailə və gender məsələlərinin dövlət siyasətinin prioritetlərindən olduğunu nəzərə alaraq, qanunvericiliyə, habelə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Əsasnaməsinə və Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyalarının Nizamnaməsinə uyğun olaraq, tərəflər arasında növbəti 3 il ərzində birgə fəaliyyətin həyata keçirilməsi məqsədilə qarşılıqlı əməkdaşlığı tənzimləyəcək.