BAKI, 23 aprel. TELEQRAF
“Xəstəlik və ya travma qeyri-iş günü baş verdiyi halda vətəndaşa göstərilən ilkin tibbi yardım və onunla bağlı məlumatlar "Müraciət barədə arayış" modulu vasitəsilə rəsmiləşdirilə bilər”.
Teleqraf xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Rəqəmsal Səhiyyə Mərkəzinin mütəxəssisi Sevinc Məhərrəmova "Əgər qeyri-iş günündə travma baş verərsə, e-bülleten həmin günə necə rəsmiləşdirilə bilər?" sualına cavab verərkən deyib.
Onun sözlərinə görə, müvafiq modulda xəstənin ilkin diaqnozu, müraciətin daxil olduğu tibb müəssisəsinin lokasiyası, müraciətin tarixi və vaxtı barədə məlumatların dəqiq və tam şəkildə qeyd olunması tələb olunur:
“Bu məlumatlar sistemdəki müvafiq sahələrə daxil edilməklə elektron müraciət arayışı tərtib olunur. Həmin arayış qeyri-iş günündə baş vermiş hadisəni sənədləşdirən əsas sənəd hesab olunur. Daha sonra bu arayış əsasında səlahiyyətli həkim tərəfindən Vahid Səhiyyə İnformasiya Sistemi (VSİS) üzərindən həmin tarixə uyğun elektron xəstəlik vərəqəsi rəsmiləşdirilə bilər”.
Mütəxəssis qeyd edib ki, bu yanaşma tibbi müəssisənin inzibati iş yükünün azaldılmasına, sığortaolunan şəxsin hüquqlarının qorunmasına, eləcə də işəgötürən müəssisənin sənəd dövriyyəsinin sadələşdirilməsinə şərait yaradır.
Elektron xəstəlik vərəqəsi hansı vasitə ilə imzalanacaq və müavinətin hesablanması üçün rəsmi sənəd hesab olunacaqmı?
S.Məhərrəmova bildirib ki, elektron xəstəlik vərəqəsi əmək qabiliyyətinin müvəqqəti itirilməsi hallarında sığortaolunan şəxslərə ödəniləcək müavinətin hesablanması üçün əsas sənəd kimi çıxış edir. Onun sözlərinə görə, bu sənədin hüquqi qüvvəyə malik olması üçün “Sima” hüquqi imza vasitəsilə səlahiyyətli həkim tərəfindən rəsmiləşdirilməsi tələb olunur:
“Sima” hüquqi imza, Azərbaycan Respublikasında rəqəmsal sənədlərin hüquqi statusunu müəyyən edən normativ-hüquqi aktlara uyğun olaraq elektron imzanın tam hüquqi qüvvəyə malik olmasını təmin edən vasitədir. Bu imza ilə təsdiqlənmiş elektron xəstəlik vərəqəsi kağız daşıyıcıda hazırlanmış vərəqə ilə hüquqi baxımdan eyni dəyərə malikdir və rəsmi sənəd statusu daşıyır. Səlahiyyətli həkimlər tərəfindən Vahid Səhiyyə İnformasiya Sistemi (VSİS) üzərindən tərtib edilən elektron xəstəlik vərəqəsi sistem daxilində avtomatik olaraq “Sima” hüquqi imza ilə imzalanır və bununla da sənədin orijinallığı, bütövlüyü və dəyişdirilməzliyi təmin olunur”.
S.Məhərrəmova bildirib ki, hazırlandıqdan sonra, elektron xəstəlik vərəqəsi müvafiq inteqrasiyalar vasitəsilə birbaşa Dövlət Sosial Müdafiə Fonduna (DSMF) ötürülür:
“DSMF bu sənədi əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə bağlı ödənişin həyata keçirilməsi üçün rəsmi əsas sənəd kimi qəbul edir. Bu yanaşma kağız sənəd dövriyyəsinə olan ehtiyacı aradan qaldırır, məlumatların emalında insan faktorunu minimuma endirir, müvafiq məlumatların təhlükəsizliyini və şəffaflığını artırır, həm tibb müəssisələrinin, həm sığortaolunan şəxslərin, həm də işəgötürənlərin iş proseslərini sürətləndirir, sadələşdirir”.