
BAKI, 27 mart. TELEQRAF
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər yarımadanın bəzi yerlərində duman, az çiskin. Mülayim cənub-şərq küləyi əsəcək.
Teleqraf xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, havanın temperaturu gecə 5-8° isti, gündüz 13-17° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 762 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 60-65 % olacaq.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağıntılı olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 4-8° isti, gündüz 17-21° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 8-13° isti olacaq.