BAKI, 22 may. TELEQRAF

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarənin təşkilatçılığı ilə növbəti praktiki-maarifləndirici tədbir keçirilib.

Nazirlikdən Teleqraf-a verilən xəbərə görə, tədbirdə FHN Akademiyasının rəisi general-mayor Baba Salayev, Fövqəladə Hallar Nazirliyi Xəzər Hövzə Qəza-Xilasetmə Xidmətinin rəisi Əkrəm Qəhrəmanov, Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarənin əməkdaşları və kursantlar iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Akademiyanın rəisi general-mayor Baba Salayev görüşün əhəmiyyətindən danışıb, belə tədbirlərin kursantların hərtərəfli hazırlığına mühüm töhfə verəcəyinə əminlik ifadə edib. Akademiya rəisi bildirib ki, nəzəri biliklərin praktiki təcrübə ilə uzlaşdırılması təhsil prosesinin əsas prioritet istiqamətlərindən biridir və bu səpkili görüşlər kursantların xidmətə hazırlanmasında, onların peşəkar dünyagörüşünün formalaşdırılmasında, eləcə də operativ qərarvermə bacarıqlarının inkişafında mühüm rol oynayır.

Daha sonra çıxış edən Fövqəladə Hallar Nazirliyi Xəzər Hövzə Qəza-Xilasetmə Xidmətinin rəisi Əkrəm Qəhrəmanov xidmətin fəaliyyət istiqamətləri, əsas vəzifələri və həyata keçirdiyi xilasetmə əməliyyatları barədə ətraflı məlumat verib. Xidmət rəisi bildirib ki, Xəzər Hövzə Qəza-Xilasetmə Xidməti Xəzər dənizində və sahilyanı ərazilərdə baş verə biləcək fövqəladə halların qarşısının alınması, qəza-xilasetmə tədbirlərinin operativ təşkili və insanların həyatının qorunması istiqamətində mühüm fəaliyyət həyata keçirir.

Ə.Qəhrəmanov çıxışında Xidmətin müasir texnika və avadanlıqlarla təchiz olunduğunu, şəxsi heyətin peşəkar hazırlığının daim diqqət mərkəzində saxlanıldığını vurğulayıb. Həmçinin qeyd olunub ki, fövqəladə hallar zamanı çevik reaksiya, koordinasiyalı fəaliyyət və peşəkarlıq qəza-xilasetmə əməliyyatlarının uğurla həyata keçirilməsində əsas amillərdəndir.

İnteraktiv formatda keçirilən tədbir zamanı kursantlar fəallıq nümayiş etdirib, onları maraqlandıran suallar ətraflı şəkildə cavablandırılıb.