BAKI, 22 may. TELEQRAF

Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) təşəbbüsü ilə elan edilmiş “İnsan Hüquqları Aylığı” çərçivəsində Ombudsmanın müstəqil monitorinq qrupları tərəfindən görmə qabiliyyəti tam və qismən məhdud olan uşaqlar üçün 5 nömrəli respublika xüsusi internat məktəbində monitorinq həyata keçirilib.

Bu barədə Teleqraf-a Ombudsman Aparatından məlumat verilib.

Bildirilib ki, monitorinqin əsas məqsədi Ombudsmanın BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasının həyata keçirilməsinin, habelə bərabərlik hüququnun təmin edilməsinin və ayrı-seçkiliyin qarşısının alınmasının monitorinqi və təşviqi üzrə müstəqil monitorinq mexanizmi mandatı çərçivəsində əlilliyi olan uşaqların təhsil hüquqlarının təmini vəziyyətinin qiymətləndirilməsi olub.

Monitorinq qrupları tərəfindən müəssisədə təhsil alan görmə qabiliyyəti tam və qismən məhdud olan şagirdlər, pedaqoji heyət, habelə psixoloqla fərdi söhbətlər aparılıb. Eyni zamanda, müəssisədə çalışan görmə qabiliyyəti məhdud müəllimlər könüllü qaydada Ombudsmanın əlilliyi olan şəxslərin hüquqları ilə bağlı keçirdiyi ictimai sorğudakı sualları cavablandırıblar.

Monitorinq zamanı dərs prosesinin gedişi və davamiyyət, tədris materiallarının təminatı, asudə vaxtın və psixoloji işin təşkili, qida təminatının keyfiyyəti, infrastrukturun müyəssərliyi ilə bağlı araşdırmalar aparılıb, yeməkxanaya, kitabxanaya, hamam otaqları və sanitar qovşaqlara baxış keçirilib.

Şagirdlərin məlumatlara əlçatanlığın artırılması, dünyagörüşünün genişləndirilməsi və onların cəmiyyətdə tamhüquqlu və bərabər iştirakına töhfə verilməsi məqsədilə yeni metodlardan istifadə edilməklə audiomaterialların geniş istifadəsinə şərait yaradılması təklif edilib.

Monitorinqin yekununda görmə və hərəkət məhdudiyyəti olan şəxslər üçün müyəssərliyin təmini sahəsində aşkarlanan bir sıra məsələlərlə bağlı müəssisə rəhbərliyinə tövsiyələr verilib.