“Şübhəsiz, insanlıq tarixinin ən böyük kəşfi iki dərmandır: aspirin və penisillin. Aspirin qanı duruldaraq milyonlarca insanın ölümünün qarşısını alıb”.

Bunu Teleqraf.com-a açıqlamasında həkim-kardioloq Üzeyir Rəhimov deyib.

“Bununla yanaşı, bu dərmandan istifadə edən hər 10 min nəfərdən 2-sində qanama ehtimalı var. Aspirin normal insanlarda qanamaya səbəb ola bilməz. Ancaq mədə və bağırsaq sistemində problem olan insanlarda, yəni mədə xorası, qastrit və mədə xərçəngi olan xəstələrdə belə bir ehtimal var.

Əslində bu, mədə xərçəngi olan xəstələrdə qanama yaratmaqla xəstəliyin erkən aşkarlanmasını təmin edir. Bu da həmin xəstələrin həyatının qorunmasına gətirib çıxarır.

Əslində mədə xərçəngi çox vaxt metastaz verdiyi zaman özünü büruzə verir. Amma aspirinin qanatması nəticəsində xəstəlik ilkin mərhələdə, yəni erkən üzə çıxa bilər. Bu isə xəstəliyin qarşısını almağa yardımçı olur”.

Həkimin sözlərinə görə insanlar hesab edir ki, aspirin atmaq infarktdan qoruyur. Halbuki elə deyil:

“Sadəcə bu, damar problemi olan insanın qanını duruldur. Damarda daralma olduğunu bilmədiyiniz halda aspirin atmağınızın sizə heç bir faydası yoxdur”.