Bütün hallarda hər hansı uşağa fiziki, mənəvi-psixoloji zorakılıq və ya təzyiq göstərmək ciddi hüquq pozuntusudur. Bu, vəzifəli şəxsdirsə, onun məsuliyyəti daha artıqdır. Bir neçə gündür ki, müxtəlif xəbər saytlarında Lənkəranda məktəbli qızın Lənkəran rayon icra hakimiyyəti başçısının müavini Rəsilə Əliyeva və Lənkəran rayon 4 saylı orta məktəbin direktoru Yeganə Əsgərova tərəfindən döyülməsi ilə bağlı iddialar yayılıb. Hazırda hüquq-mühafizə orqanları tərəfindən müvafiq ekspertiza təyin edilib və araşdırmalar aparılır. Faktın təsdiqi əsasında bu zorakılığı törədən şəxslər öz cəzalarını alacaqlar.
Bunu Teleqraf.com-a Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova deyib.
O qeyd edib ki, bütün yerli icra hakimiyyəti orqanlarında gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupları fəaliyyət göstərir: “Bu qurumlara icra hakimiyyətinin başçısının müavinləri, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdirləri rəhbərlik edir. Onlar məişət zorakılığının qarşısının alınması istiqamətində görülən işlərin səmərəliliyini artırmaq üçün qabaqlayıcı tədbirlərin gücləndirilməsi, zorakılıqdan zərər çəkmiş şəxslərə təxirəsalınmaz və hərtərəfli yardım göstərilməsini təmin etməlidir. Eyni zamanda xidmətlərə çıxışın əlçatan olması sahəsində də mühüm işlər görülməlidir”.
Komitə sədri hesab edir ki, bəzi hallarda bunun tam əksini müşahidə edilir: “Həmçinin, sözügedən hadisə ilə bağlı müsahibə verən Lənkəran rayon icra başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Rasilə Əliyeva bütün etiket qaydalarını və uşaq hüquqlarının müdafiəsinə dair müddəaları kobud şəkildə pozub. O, məktəbli qızın həyat tərzi, onun ailəsi haqqında məlumatları ictimailəşdirməklə, uşağa qarşı mənəvi-psixoloji zorakı davranış nümayiş etdirib”.
Hicran Hüseynovanın fikrincə, hazırda həmin məktəblinin həkim müyinəsi ilə yanaşı, psixoloji dəstəyə ehtiyacı var: “Yaxşı olardı ki, uşaq psixoloqu tərəfindən müayinə edilərək uşağın hazırki psixoloji durumu qiymətləndirilsin. Bir daha hadisəni qətiyyətlə pisləyir və bu zorakılığı törətmiş şəxslərin məsuliyyətə çəlb olunacağına ümid edirəm”.